Yuxarı siniflərdə və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur

Ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin mərhələli olaraq ənənəvi formada bərpası barədə qərar qəbul edilib.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, 8 fevral tarixindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1,5 metr) gözləməyə imkan verən ümumitəhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla; şagird sıxlığı fiziki (sosial) məsafəni gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla keçiriləcək.

Xatırladaq ki, orta məktəblərin I-IV siniflərində ənənəvi tədris  (həftədə 3 dəfə olmaqla) fevralın 1-dən bərpa olunub.

15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumitəhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla bərpa olunacaq.

Həmçinin 15 fevral tarixindən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa ediləcək.

Orta ümumtəhsil məktəblərinin X-XI siniflərində  ənənəvi formada təhsilin bərpası barədə qərar 15 fevral tarixinədək veriləcək.