Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə fevralın 4-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli aktyor, Xalq artisti, “Şöhrət” ordenli Əliabbas Qədirovun (1946-2006) 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Tədbiri Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq Əliabbas Qədirovun səhnə fəaliyyətindən söz açıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Əliabbas Qədirov haqqında xatirələrini, ürək sözlərini bölüşərək aktyorun sənət yolundan, teatrda baş verən səhnəarxası faktlardan danışıb. Eyni zamanda Ə.Qədirov kimi bir sənətkarla həyatdakı dost münasibətlərindən və səhnədəki tərəf-müqabilliyindən qürur hissi keçirdiyini qeyd edib.
Əməkdar incəsənət xadimi, sənətşünas Aydın Talıbzadə aktyorun teatr tariximizdə yerindən bəhs edib, onun kinoda oynadığı rollardan, xüsusilə “Nəğmə dərsi” filmində məharətlə yaratdığı ata obrazından söz açıb.
Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə sənətkarla bağlı xatirələrini bölüşərək onun teletamaşalardakı çəkilişlərindən, televiziya verilişlərindəki peşəkar aparıcılıq qabiliyyətindən, parodiya yaratmaq bacarığından maraqlı hadisələr danışıb.
Sənətkarın tədbirdə iştirak edən ailə üzvlərindən qızı Gülçin xanım atası ilə bağlı xatirələrini danışıb, tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Xatirə gecəsində unudulmaz aktyorun oynadığı teatr və televiziya tamaşalarından, çəkildiyi filmlərdən ibarət videoçarxlar nümayiş olunub. Həmçinin tədbir iştirakçıları Əliabbas Qədirovun yaradıcılığını əks etdirən və muzeyin fondunda qorunan fotolardan ibarət sərgi, eləcə də aktyorun səhnə geyimləri ilə tanış olublar.