Xəbər verdiyimiz kimi, fevralın 1-də UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 14-cü iclası başlayıb. Onlayn formatda keçirilən iclasda Azərbaycan tərəfi Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəlik tərəfindən təmsil olunur.

İclasın ilk günündə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 2005-ci il Konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətində rolundan, Azərbaycanda inkişaf etdirilən kreativ sənayedən, inklüziv cəmiyyəti inkişaf etdirmək məqsədilə yaradıcılığın təşviqi istiqamətində görülən işlərdən danışıb. Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının incəsənət nümayəndələrini UNESCO-nun ResiliArt təşəbbüsünə qoşulmağa dəvət etdiyini bildirən E.Abdullayev bu günə kimi ölkəmizdə 21 yeni layihə, kampaniya və müsabiqənin keçirildiyini diqqətə çatdırıb.

İclasın ikinci günündə UNESCO-nun 15 aprel 2020-ci ildə COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində elan etdiyi ResiliArt hərəkatı haqqında müzakirələr aparılıb. Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov çıxış edərək bu hərəkat çərçivəsində Azərbaycanda görülən işlər və pandemiya dövründə mədəniyyət və yaradıcı sənayelər sahəsinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr haqqında, xüsusən də “Evdə qal – evdə yarat” layihəsi barədə məlumat verib.

Müzakirələr zamanı işğaldan azad olunmuş ərazilərdəki mədəni irslə bağlı təxribatçı mövqe ilə çıxış edən Ermənistan tərəfinə cavab olaraq 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonda mədəniyyət infrastrukturunun və mədəni irsin dağıdıldığı diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycan Hökuməti tərəfindən mənşə fərqi qoyulmadan ölkədəki bütün mədəni irs nümunələrinə göstərilən qayğı haqqında iclas iştirakçılarına məlumat verilib.

Hökumətlərarası Komitənin 14-cü iclası fevralın 6-dək davam edəcək.