Fransanın “Atlantico” portalında “Qarabağın kabus şəhəri Ağdam dirçəlişini gözləyir” adlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal ediləndən sonra Ağdam kabus məkana çevrilib. Jurnalist ermənilərin Ağdamda törətdikləri dağıntılardan bəhs edir. O yazır ki, şəhər talan edilərək dağıdılıb. Bir vaxtlar teatrı, mehmanxanaları, müxtəlif müəssisələri ilə Qarabağın əsas mərkəzlərindən olan Ağdamdan heç nə qalmayıb. Məşhur Çörək muzeyi yerlə yeksan edilib.

Ağdam sakini olan Tərlan İsgəndərova müharibə zamanı başlarına gələn hadisələrdən danışır. O, həmin vaxt 26 yaşlı ərinin döyüşlərdə həlak olduğunu, özünün hamilə vəziyyətdə evindən köçkün düşdüyünü bildirir. Ağdamı tərk edərkən hətta ərinin cəsədini tapa bilmədiyini, bu gün onun bir qəbri belə olmadığını söyləyir. Köçkünlüyün ilk illərini çadırda keçirən Tərlan sonradan dövlətin bağışladığı mənzildə yaşayır.

Müəllif onu da diqqətə çatdırır ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər əraziləri tərk edərkən bütün evləri yandırıb, hər tərəfi minalayıblar. Qeyd edir ki, müharibə nəticəsində 2020-ci il noyabrın 20-də Azərbaycana qaytarılmış və xarabalıqdan ibarət olan Ağdamda bu gün minatəmizləyənlər fəaliyyət göstərirlər. Əhalinin doğma evlərinə qayıtmaları üçün zamana ehtiyac var. Azərbaycan hökuməti şəhəri əvvəlki formada yenidən bərpa edəcəyini bildirib.