Azərbaycanda dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorardan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün istifadə ediləcək.

Bu məsələ fevralın 1-də Milli Məclisdə birinci oxunuşda qəbul olunan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər.

İndiyə qədər dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülüb. Qanuna edilən dəyişikliyə əsasən, dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar dövlət büdcəsinə deyil, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilib.