2020-ci il həm pandemiya, həm də Qarabağın 30 illik işğalına son qoyulması ilə yaddaşlara əbədi həkk olundu. Pandemiya bizə müəyyən narahatlıqlar yaşatsa da, ən böyük sevincimiz, söz yox ki, mənfur düşmən üzərindəki şanlı Qələbəmizdir. Buna görə Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə, Silahlı Qüvvələrimizin qorxmaz döyüşçülərinə və bir an belə qələbəyə inamını itirməyən xalqımıza sonsuz minnətdarıq.
Keçən il ölkəmizin sənət adamları sırasından dünyadan köçənlər oldu. Onların hər birini hörmətlə yad edirəm. Bu yazıda onlardan biri haqqında kövrək xatirələrimi hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm. Bu sənət adamı, daha doğrusu, sənət fədaisi haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Çünki onun dünyasını dəyişməyinə bu günə qədər inana bilmirəm.
Haqqında söz açmaq istədiyim sənətkar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifovdur. O, yaşadığı ömrün 30 ilini sevdiyi teatr sənətinə fəda etdi.
Ağaxan Şərif oğlu Şərifov 1962-ci il oktyabrın 22-də Ağsuda dünyaya gəlib. Hamımız yaxşı bilirik ki, Ağsu milli teatr və kino sənətinə Səməndər Rzayev, Mikayıl Mirzə və Rasim Balayev kimi sənətkarlar bəxş edib. Bu bölgədən neçə-neçə cavanlar məhz bu sənətkarlara baxaraq sənətə gəliblər. Ağaxan da istisna deyildi. Orta təhsilini başa vurandan sonra bir müddət istehsalatda çalışdı. 1986-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə daxil oldu. Sevincinin həddi-hüdudu yox idi. Artıq Ağaxanın sənət yolu müəyyən olunmuşdu.
Ürəyi sənət arzuları ilə aşıb-daşan Ağaxan 1990-cı ildə universiteti bitirdi. Elə bu ərəfədə mərhum sənət dostum Hüseynağa Atakişiyev baş rejissoru olduğu Akademik Milli Dram Teatrından uzaqlaşdırıldı və dərhal müstəqil Gənclər Teatrını yaratdı. Teatra aktyor və digər sənət adamlarının çox böyük axını var idi. Hamı, o cümlədən cavanlar, Tofiq Kazımovdan sonra, məhz Hüseynağa Atakişiyevin milli teatr prosesinə yeni nəfəs gətirəcəyinə inanırdı. Dostum Hüseynağa tam yeni teatr konsepsiyası əsasında dövrünü qabaqlayan yeni teatr yaratmağa çalışırdı. Teatrın ətrafında yeni düşüncə tərzinə malik dramaturqlar, bəstəkarlar və rəssamlar dəstəsi toplanmışdı. Teatr Xadimləri İttifaqının Aktyor evinin səhnəsini yeni teatr üçün ayırdılar. Hüseynağanın gecəsi-gündüzü yox idi. Onun üçün çətin günlər başlamışdı. Mən belə çətin bir dövrdə, təbii ki, dostumu tək qoymayıb, onun yanında olmalı idim. Mən Akademik Milli Dram Teatrındakı fəaliyyətimlə paralel olaraq, yeni yaradılmış Gənclər Teatrında da çalışmağa qərar verdim. Teatra müraciət edən aktyorların sayı çox idi. Ciddi seçim prosesi gedirdi. Hüseynağa peşəkar olaraq, bircə baxışla istedadlı insanla istedadsızı dərhal ayırd edə bilirdi. Ağaxan dərhal seçimdən keçdi və məhz bu illərdən başlayaraq, dörd il mən onunla bu teatrda bir çox tamaşalarda birlikdə çalışdıq.
Gənclər Teatrında Ağaxan çox maraqlı və yaddaqalan obrazlar qalereyası yaratdı. O, obrazın təsviri zamanı maraqlı və ən əsası da baxımlı oyun tərzi nümayiş etdirirdi. Sənətlə bağlı çətinliyi olanda çəkinmədən mənə müraciət edirdi. Mən də hər zaman onun bütün suallarını cavablandırır, ona yardım etməyə çalışırdım.
Sonrakı illərdə mən “İlham” Miniatür Teatrını yaratdım. Ətrafıma gənclərdən ibarət çox böyük bir kollektiv topladım və dərhal Ağaxanı teatra dəvət etdim. O, tez bir zamanda kollektivdə hörmət qazanaraq, hamının sevimlisi oldu. Aktyorlar problemləri ilə bağlı məndən əvvəl ona müraciət edirdilər. Mən Ağaxanın bu keyfiyyətlərini əsas götürərək, onu truppa müdiri təyin etdim. O, 1993-cü ildən 2007-ci ilə qədər teatrın truppa müdiri olub, bu işin öhdəsindən bacarıqla gəldi.
Ağaxan teatrın həm truppa müdiri, həm də aparıcı aktyoru idi. O, Anarın “Əl əli yuyar”, Rəhman Əlizadənin “Dünyanın axırı” və “Bəxtimin kələyi”, Cahangir Aslanoğlunun ”Karnaval və ya şifonerdə eşq-məhəbbət”, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah, Rafiq Səməndərin “Başsındıran məsələ”, “Yorğanına baxıb, ayağını uzadan teatr”, Ramiz Əkbərin “Qulaq” və digər tamaşalarda baş rollarda tamaşaçıların görüşünə gəldi. Ağaxan, tamaşadan tamaşaya püxtələşir və daha artıq sənətkarlıq nümunəsi göstərirdi. Onun yaratdığı obrazlarda səmimilik, dəqiq ifa tərzi və peşəkarlıq yüksək idi. İstedadlı sənətkar olmaqla yanaşı, həm də əxlaqlı və tərbiyəli, böyük-kiçik yeri bilən bir insan idi.
Ağaxan 2007-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bir-birindən maraqlı obrazlar yaratdı. O, eyni zamanda mənim təklifimlə Mədəniyyət və İncəsənət Universitetində başçılıq etdiyim Musiqili teatr aktyoru kafedrasında baş laborant vəzifəsində çalışdı. Ağaxan, sözün əsl mənasında, zəhmətkeş bir insan idi. Ona tapşırılan hər bir işi yüksək səviyyədə görürdü. Teatrda olduğu kimi, vaxtilə tələbəsi olduğu təhsil müəssisəsində də çox qısa bir vaxtda müəllim və tələbə heyətinin hörmətini qazana bildi.
Akademik Musiqili Teatrında çalışdığı 13 il ərzində onlarla tamaşada irili-xırdalı obrazlar yaratdı. O.Rəcəbov və A.Babayevin “Əlin cibində olsun” (1-ci oğlan), R.Hacıyevin “Talelər qovuşanda” (Evlər müdiri), R.Mirişli və M.Haqverdiyevin ”Qısqanc ürəklər” (Ofisiant), “Amerikalı kürəkən” (Qədeş Cəfər, Coni və Xanım), O.Rəcəbov və A.Babayevin “Şeytanın yubileyi” (İnzibatçı), O.Zülfüqarov və R.Heydərin “Şəngülüm, Səngülüm, Məngülüm” (Çaqqal), S.Ələsgərov və Ş.Qurbanovun “Milyonçunun dilənçi oğlu” (2-ci xidmətçi), S.Fərəcov və Ə.Nesinin ”Şəhərdə manyak var” (Komendant), M.Məmmədovun “Matəm marşı və yaxud gözünüz aydın” (Nadir), Ü.Hacıbəylinin “Ər və arvad” (Süpürgəci), ”O olmasın, bu olsun” (Hambal), S.Kərimi və Ə.Olun ”Kimyagər” (Şeyx Salah), E.Sabitoğlu və C.Məmmədovun ”w.w.w.Fərzəlikefkom” (Dayıoğlu), F.Allahverdi ilə Elçinin “Baladadaşın toy hamamı” (Şofer) və s. tamaşalarda oynadığı rollar sənətsevərlərin və teatr tədqiqatçılarının diqqətini cəlb etmişdi. Ağaxan bu tamaşalarda bir-birindən fərqli, rəngarəng obrazlar dünyası yaratmışdı.
Son ro aldığı səhnə əsəri S.Rüstəm və M.S.Ordubadinin “Beş manatlıq gəlin” tamaşası oldu. Pandemiya səbəbindən bu tamaşanı və onun oynadığı obrazı tamaşaçılar görə bilmədi...
Mən iki tamaşa və bu iki tamaşada onun yaratdığı fərqli obrazlar haqqında ayrıca yazmaq istəyirəm. Bunlar “İlham” Miniatür Teatrında “Müsyö Jordan və dərviş Məstəli şah” və Akademik Musiqili Teatrında “Amerikalı kürəkən” tamaşalarındakı maraqlı obrazlardır. Hər iki tamaşanın müəllifi və quruluşçu rejissoru mən idim.
Ağaxan “Müsyö Jordan və dərviş Məstəli şah”da Müsyö Jordan obrazını yüksək peşəkarlıqla yaratmışdı. Mən bu tamaşanı nağıl-oyun prinsipi əsasında qurmuşdum. Həm tamaşa, həm də Ağaxanın yaratdığı obraz mənim gözlədiyimdən də maraqlı, baxımlı və cazibədar alınmışdı. Bu, söz yox ki, aktyorun peşəkarlığından və tamaşanın janrına uyğun oyun tərzi nümayiş etdirməsindən irəli gəlirdi. O, səhnəyə daxil olduğu andan diqqət mərkəzində ola bilirdi. Onun ifasında hərəkət-mizan toplusu tamaşanın ümumi ahənginə tam uyğun idi.
Tamaşanın birinci hissəsini onun obrazının üzərində qurmuşdum. Bu işin öhdəsindən məharətlə gəlmişdi. Onun ifasında şitlikdən əsər-əlamət belə yox idi. O, sadəcə olaraq, yad bir mühitə düşmüş insanın komik vəziyyətinə uyğun oyun tərzi nümayiş etdirirdi. Kətillə onun ardınca qaçan qulluqçu onu yıxanda və ya özü təzim edərkən yıxılanda belə, o dərhal vəziyyətdən çıxmağa çalışır və daha artıq komik vəziyyətə düşürdü. Aktyor ifa zamanı hərəkət-mizan toplusu ilə danışıq tərzinin vəhdətini yarada bilirdi. Nəticədə maraqlı bir obrazın nümayişi ilə qarşılaşırdıq. Mənim rejissor müəyyən etdiyim mizanlara əlavə cizgilər taparaq, onları daha artıq rəngarəng və baxımlı edirdi. O, öz obrazının həm ifaçısı, həm də rejissoru idi.
Tamaşadan tamaşaya obraz daha artıq tamamlanırdı. O, zalın obraza olan reaksiyasını hiss edərək, onu daha artıq baxımlı təqdim edirdi. Obrazın təsviri zamanı jestlərdən, intonasiyalardan yerində və bacarıqla istifadə etməyi bacaran azsaylı sənətkarlardan idi.
Onu da qeyd edim ki, “İlham” Miniatür Teatrının M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülmüşdü. Bu mükafatın qazanılmasında Ağaxanın da payı var idi.
Haqqında söz açmaq istədiyim ikinci səhnə əsəri Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən” tamaşasıdır. Mən Ağaxanın bacarığına, peşəkarlığına və potensial imkanlarına inanaraq bu tamaşada ona üç fərqli və bənzərsiz obraz həvalə etdim. Onun bu çətin işin öhdəsindən gələcəyinə inanırdım. İnamımda yanılmadım. Ağaxan Qədeş Cəfər, Cangüdən Coni və Xanım obrazlarını çox böyük məharətlə yaratdı. Onun oynadığı səhnələr tamaşanın ən maraqlı və baxımlı hissələri idi. Ağaxan tamaşanın janr, ideya və oyun tərzinə uyğun dəqiq ifa tərzi nümayiş etdirirdi. Bu obrazların birincisi Qədeş Cəfər obrazı idi. Heç bir konkret işlə məşğul olmayan Cəfər dostu Bilalla asan qazanc yeri axtarır. Yalançı amerikalı milyonçu kürəkən obrazında istədiyi qızın anasının qarşısına çıxmaq istəyən Kamran müəyyən pul müqabilində onları özünə cangüdən tutur. Hər iki dost onlardan nə tələb olunursa, dərhal razılaşırlar. Bilal özündən çıxsa da, Cəfər vəziyyətə uyğun hərəkət edir. O, Bilalı da nəzarətdə saxlaya bilir. Aktyor tərəfindən Cəfər obrazının daxili keyfiyyətləri və ona uyğun xarici portret cizgiləri dəqiqliklə təsvir olunurdu. Mən tamaşada Yanğınsöndürmə idarəsinin işçisi Orxan bəy obrazında çıxış edirdim. Özüm səhnədə ola-ola onun obrazını seyr etməkdən həzz alırdım. Hadisələrin inkişafı boyu Ağaxan Şərifov üçüncü obrazda (Xanım) səhnəyə gəlir. Xanım obrazı baxımlı və komik cizgiləri ilə tamaşaya rəngarənglik gətirir desək, heç də səhv etmərik. Aktyor obrazın yumoristik mahiyyətini dərindən duyub, daxili və xarici təsvirin vəhdətini dəqiqliklə təqdim edirdi.
Ağaxan teatr səhnəsində olduğu kimi kino ekranlarında bir neçə maraqlı obrazlarla tamaşaçıları sevindirə bilmişdi. 1999-cu ildə “Nə gözəldir bu dünya”, 2010-cu ildə ”Əlavə təsir” və 2013-cü ildə çəkilmiş “Yazıçı” filmlərində maraqlı obrazlar yaratmışdı. Hər üç obraz aktyorun, səhnədə olduğu kimi, ekranda da bacarıq və istedad nümayiş etdirməsinin bariz nümunəsi idi.
Ağaxan həyatda həmişə hər yerə tələsən, narahat bir insan idi. Tələsə-tələsə gəldiyini və tələsə-tələsə də getdiyini çox görmüşdüm. Elə bil harasa gecikəcəyindən, harasa özünü çatdıra bilməyəcəyindən qorxurdu. Elə bil ona ayrılmış zamanın ona çatmayacağından qorxub, daha artıq tələsirdi. Bir oğul və bir qız balasının xeyir işlərini də çox tez etmişdi. İşinə tələsə-tələsə gəlib, evinə də tələsə-tələsə gedirdi. Tələsmək artıq onun xarakterinə və vərdişinə çevrilmişdi. Ona ayrılmış ömür payını da tələsə-tələsə yaşadı. Dünyasını dəyişməyinə də tələsdi, yaman tələsdi...
Ağaxan, mən sənin hər yerə tələsməyini normal qəbul etsəm də, bu dünyadan tez-tələsik köç etməyini heç cür qəbul edə bilmirəm. Sənin dünyanı tez-tələsik dəyişməyin tez oldu, çox tez oldu. Mən bu tələsməyini sənə bağışlaya bilməsəm də, artıq olan olmuşdu. Yeganə təsəllim səndən sonra qalan və heç vaxt məni tərk etməyəcək xoş xatirələrindir.
İlham Namiq KAMAL
Xalq artisti