Bir çox məktəblərimizin dəhlizlərində “Şəhid guşəsi” mövcuddur. Qarşısında ehtiramla dayanıb köks ötürdüyümüz o guşələrdən biri də Bakının Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbindədir. İkinci Qarabağ müharibəsində igidlik göstərib şəhidlik zirvəsinə ucalan Vətən oğullarından altısı bu məktəbin məzunudur. Bəli, altı gənc, altı ümid və yarımçıq qalan altı ömür...

Şəhid məzunlar guşəsində fotosu ilə ürək dağlayan Tacirin əksi ilə üz-üzə dayanmışam. Mavigözlü, şuxbaxışlı Tacir Elşən oğlu Həsənov 21 aprel 2001-ci ildə anadan olmuşdu. Əslən Ağdam rayonunun Rzalar kəndindən idi. Yəqin məhz bu məqam onu düşmənə qarşı nifrətə kökləmişdi. Gənc qəlbi intiqam hissi ilə alışıb-yanırdı. Bu məktəbdən 2017-ci ildə məzun olub hərbi xidmətə yollanıb. Əsgərlikdən qayıtdıqdan sonra özü üçün gün-güzəran qurmağa çalışan Tacir Vətən müharibəsi başlayanda o da silaha sarılıb. Oktyabrın 15-də Füzuli istiqamətində gedən gərgin döyüşlərdə şəhadətə yetib.

Sonra başqa bir təsvirə boylanıram. Haqqında qısa məlumata nəzər salıram: “Məhəmməd Niman oğlu Səmədov. 13 iyun 2001-ci ildə Pirşağı qəsəbəsində anadan olmuşdu. 10 saylı sanatoriya tipli internat məktəbində oxumuş və 2016-cı ildə buradan məzun olmuşdu”.

Gənc qəlbində sonsuz arzular daşıyan Məhəmməd həqiqi hərbi xidmətini layiqincə başa vurmuşdu. O, 27 sentyabrda Vətənin çağırışına ilk qoşulanların sırasında öndə addımlayır. Cəsur, qorxmaz gənc Füzuli uğrunda döyüşlərdə igidlik göstərir, bayrağımızın o torpaqlarda dalğalanması sevincini ilk yaşayanlardan olur. Daha irəli, ən son zirvələrə qədər getmək istəyən Məhəmmədin son döyüşü oktyabrın 7-də olur. Həmin gün dağ şəlalələri kimi çağlayan ömrü şəhadəti dadır. O da bir çox döyüşçü yoldaşları kimi ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu məktəbdən bir də Emin adlı şux zarafatlı gənc məzun olub. Guşədəki təvəllüdünə nəzər salıram və köks ötürürəm: Nə yaşı var idi ki?! Emin Ramin oğlu Səttarov 25 may 2001-ci ildə Bakı şəhərində doğulmuşdu. 2008–2017-ci illərdə bu məktəbdə təhsil, tərbiyə almışdı. Vətən sevgisi, onun uğrunda ölə bilmək qüdrəti ilə burada tanış olmuşdu. Vətən müharibəsinin ilk günündən o da cəsarət meydanına atılmışdı. Bütün gücü ilə döyüşlərdə də seçilməyə çalışmışdı. Oktyabrın 25-də Qubadlı istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

“Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunan, işğalçıları Vətən torpağından qovan igidlərimizdən biri də üzündən təbəssümü əskik olmayan, ölümə də gülə-gülə gedən Elvin Elmar oğlu Qurbanovdur. 29 aprel 1999-cu ildə Qusar rayonunun Çiləgir kəndində anadan olan Elvin internat məktəbini 2014-cü ildə bitirir. Həyat dolu gəncin ən böyük kədəri işğal altındakı torpaqlarımız idi. Odur ki, məktəbdə keçirilən anım mərasimlərində, bəzi əlamətdar günlərdə hər zaman hiddətlənər, düşmənə nifrəti gözlərindən oxunarmış. Elə döyüşə, qismən səfərbərlik elan olunan gündən ön cəbhəyə tələsməsi də bununla bağlı idi. Vətən müharibəmizin şanlı tarixində onun da adı, imzası var. Füzuli uğrunda döyüşlərdə fəallıq göstərən qorxmaz gənc oktyabrın 14-də şəhidlik zirvəsinə ucalır, oktyabrın 19-da cismi vətən torpağı ilə qovuşur.

Gözlərim indi də Rəşid Pərviz oğlu Həmidovun fotosuna dikilir. Fotodakı donuq təbəssümündə min cür mətləblər gizlədən Rəşid 19 sentyabr 1999-cu ildə Bakıda anadan olmuş, elm, təhsil adlı sonsuzluq ilə bu internat məktəbində tanış olmuşdu. Vətənin sorağına ən tez yetişənlərdən idi. Oktyabrın 7-də Tərtər istiqamətindəki ağır döyüşlərdə şəhadətə yüksəlmişdi. “Anamdan ehtiyatlı olun, özünüzdən muğayat olun” onun son sözü olmuşdu.

Hər gün rəngarəng güllərdən buketlər düzəldən, onları həzin səsindəki nəğmələrlə rəflərə düzən Anarı sosial şəbəkələrdəki qısa xatirə videoları ilə tanıdıq, sevdik. Paylaşımlarda gah mahnı oxuyur, gah şeir deyir gülərüz Anar Rəhim oğlu Hüseynov.

Guşədəki məlumatı ilk müəlliməsi Günay Allahverənova uca səslə oxuyur. Sanki hamının ona diqqət kəsilməyini, Anarın ruhunun göyün yeddinci qatından onu duymağını istəyir: “9 yanvar 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu. Bu məktəbə ilk dəfə 2003-cü ildə gəlmişdi. Həyəcanlı idi. Axı ilk dəfə anasından ayrı düşəcəkdi. Gözlərindəki çaşqın ifadə ilə o da sıraya düzüldü. Üzümə baxıb gülümsədi. Mən də ona baxıb güldüm. Üzündəki qönçəyə heyranlıqla tamaşa edirdim. Aradan 2-3 dəqiqə keçmişdi ki, irəli atıldı, əlimdən tutub özünə tərəf çəkdi. Balaca gül buketini mənə uzadıb özünü təqdim elədi. Beləcə, biz dostlaşdıq. O, böyüdü, məzun oldu. Amma nə məni, nə də digər müəllimlərini unutmadı. Nə xasiyyəti dəyişdi, nə də təbəssümü...”.

2012-ci ildə bu məktəbin 9-cu sinfini bitirən Anar 5 saylı peşə liseyində kompüter mütəxəssisi peşəsinə yiyələnir. Məzun olduqdan sonra hərbi xidmətə yollanır. 2016-cı ilin Aprel döyüşlərində iştirak edir. Xidmətini uğurla başa vurduqdan sonra gül salonlarının birində çalışmağa başlayır.

Anar sentyabrın 27-də Vətənin çağırışına könüllü gedir. Tərtər-Ağdərə istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərir. 29 sentyabrda şəhid olur. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan Anar Bərdədəki Şəhidlər xiyabanında uyuyur.

“İndi Anarsız yaşamaq, buna yaşamaq demək olarsa, çox çətindir. Səninlə hər zaman qürur duymuşdum. Heç vaxt məni utandırmadın. İndi isə məni öz qəhrəmanlığınla daha da ucaltdın. Çox sağ ol, mənim gözəl oğlum”, – Nəzakət Hüseynova gözlərini oğlunun təsvirindən çəkmir. Yanağından sel olub süzülən yaşları da silmir. Sanki təsvir önündə bir heykəl dayanıb: danışan və ağlayan heykəl: “Biz şəhid analarının tək təsəllisi məhz Qələbədir. Anar indi tək mənim yox, bütün Azərbaycanın oğludur...”.

Sonra hamımız susuruq: bu dəfə qarşımızdakı guşəni bəzəyən şəkillər sözsüz, səssiz “danışır” – şəhidlərin ölməzliyi haqqında...

Ruhları şad olsun.

Həmidə NİZAMİQIZI