TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəşri olan “Mədəniyyət” qəzetinin 30 illiyi münasibətilə qəzetin baş redaktoru Vüqar Əliyevə təbrik məktubu göndərib.

“TÜRKSOY-un Baş Katibliyi, türk dünyası sənət insanları adından və şəxsən öz adımdan 30 yaşınız münasibətilə “Mədəniyyət” qəzetinin bütün kollektivini, oxucularını, Azərbaycanın mədəni ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm”, – deyə məktubda bildirilir.

Qeyd olunur ki, Azərbaycanın müstəqillik illərinə təsadüf edən bu 30 illik fəaliyyəti ərzində ölkənin zəngin mədəniyyətinin inkişaf xronologiyasının və kiçik miqyaslı mədəni tədbirlərdən böyük beynəlxalq forumlara qədər həyata keçirilən bütün tədbirlərin geniş işıqlandırılması və ictimaiyyətə çatdırılmasında “Mədəniyyət” qəzetinin rolu əvəzsizdir.

Təbrikdə, həmçinin diqqətə çatdırılır ki, TÜRKSOY ilə “Mədəniyyət” qəzetinin sıx əməkdaşlığının nişanəsi olaraq, təşkilatın ortaq türk mədəniyyətinin təbliği istiqamətində müxtəlif ölkələrdə keçirdiyi çoxsaylı beynəlxalq tədbirlər haqqında Azərbaycan sənətsevərlərinə mütəmadi məlumatların çatdırılmasına görə 2011-ci ildə “Mədəniyyət” qəzeti, 2014-cü ildə isə qəzetin müxbiri Mehparə Sultanova TÜRKSOY-un “Mətbuat mükafatı”na layiq görülüb.

“Yüksək səviyyədə olan əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inanır, bir daha yubileyinizi təbrik edir və şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirəm”, – deyə Düsen Kaseinov məktubda bildirir.