Fevralın 5-də Heydər Əliyev Sarayı və Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığı inkişaf etdirmək, peşəkar əlaqələri möhkəmləndirmək, milli-mənəvi dəyərləri və mədəni irsimizi təbliğ etmək, birgə layihələrin işlənib hazırlanmasını, müxtəlif tədbirlərin keçirilməsini təmin etmək məqsədilə memorandum imzalanıb. 

Əməkdaşlıq haqqında memorandumu Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov imzalayıblar.

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov sənəddə əks olunan məsələlərlə bağlı işçi qrupun yaradılacağını və memorandumun icrasının davamlı, səmərəli əməkdaşlığa zəmin olacağını bildirib. Qeyd edib ki,  Beynəlxalq Muğam Mərkəzi ilə birgə layihələrin, festivalların həyata keçirilməsi və gənc nəslin yaradıcılığının inkişafı naminə üzərimizə düşən məsələləri həllində əlimizdən gələni əsirgəməyəcəyik.

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov da iki mədəniyyət müəssisəsi arasında əməkdaşlığın gücləndirilməsindən məmnunluğunu ifa ifadə edib. O, memorandumun imzalanmasının dünya şöhrətli bəstəkarımız Qara Qarayevin doğum gününə təsadüf etməsinin də özlüyündə əlamətdar bir hal olduğunu vurğulayıb.