Türkiyədə nəşr olunan “Yerli düşüncə” jurnalı 2021-ci ildə ilk sayını xüsusi buraxılış olaraq İkinci Qarabağ müharibəsinə həsr edib.

Aylıq dərgidə müxtəlif sahələrə aid mütəxəssis yazıları, reportajlar, aktual mövzularda məqalələr dərc olunur. Jurnalın “Sən mənim özümsən, Qarabağ” başlığı ilə işıq üzü görən xüsusi buraxılışında Azərbaycanın tarixinə Vətən müharibəsi kimi düşən, ölkəmizin tarixi zəfəri və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqların azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsi haqqında materiallar verilib.

Dərgidə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim ilə müsahibə, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, general-mayor Yücel Karauz, Milli Məclisin deputatı Sona Əliyeva, professor Ertuğrul Yaman, Kamal Öztürk, Servet Avşar, Fatma Sönmez, yazıçı Metin Sakınç və yazıçı-jurnalist Şəhla Aslanın məqalələri yer alıb.

Qeyd edək ki, “Yerli Düşüncə” Dərnəyi tərəfindən nəşr olunan jurnalın fəxri prezidenti Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, baş redaktoru Türkiyə Böyük Millət Məclisinin üzvü Metin Gündoğdudur.

Mehparə SULTANOVA
Ankara