Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin heyəti igid hərbçimizin məzarını ziyarət edib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mərasimdə polkovnik-leytenant Namiq Cavadov Milli Qəhrəmanın həyat yolundan, onun göstərdiyi misilsiz şücaətdən danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da, Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atıb.

Digər çıxış edənlər də ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Tədbir çərçivəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə də görüşüblər.