Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Vikipediya” beynəlxalq elektron ensiklopediyasında işğaldan azad olunan Füzuli rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə Füzuli rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verilir.

Qeyd olunur ki, əvvəllər Qarabulaq, 1930-cu ildən sonra Karyagin adlanan bölgə 1959-cu ildən Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Füzuli rayonu adlandırılıb.

Bildirilir ki, rayon ərazisində çoxsaylı tarixi abidələr var. XIII əsrə aid Əhmədalı, Argali türbələri, Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi, XVIII əsrə aid məscid, XIX əsrə aid İmamzadə türbəsi, XIX əsrə aid Qacar, Böyük Pirəhmədli, Merdinli, Saracıq və Gorazılli kəndlərindəki körpülər, XIX əsrə aid "Məşədi Həbib" hamamı, Merdinli kəndi yaxınlığındakı daş at və qoç abidələri rayonun qədim memarlıq nümunələridir.

Bölmədə 1993-cü ildə Füzuli şəhərinin və rayonun  50-dən kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğu diqqətə çatdırılır. Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində rayonun işğal altındakı kəndləri, həmçinin oktyabrın 17-də Füzuli şəhəri Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində işğaldan azad edilib.

Materialda Azərbaycan Prezidenti İlham Əliyevin Füzulinin azad olunması ilə bağlı xalqa müraciətinə də yer verilib: “30 il ərzində Füzuli yırtıcı və vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz, evlər dağıdılıb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib. Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq”.

Bölmədə Füzulidə inşa ediləcək hava limanının, Füzuli-Şuşa yolunun təməlqoyma mərasimindən də fotoşəkillər yer alıb.

Özbək dilində “Fuzuliy tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilib, bölməyə mövzu ilə bağlı bir sıra nəşrlərin siyahısı daxil edilib.

Bölmənin linki: https://uz.wikipedia.org/wiki/Fuzuliy_tumani