Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində vətənpərvərlik mövzusunda yazılmış əsərlər mühüm yer tutur. 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın Ordusunun qazandığı Zəfər sayəsində bu mövzu xüsusilə aktuallıq kəsb edir. Bu möhtəşəm Qələbə bizi fərəhləndirməklə yanaşı, həmçinin bəstəkarlarımızın doğma Vətənimizi, onun rəşadətli döyüşçülərini, bənzərsiz təbiətini, milli dəyərlərimizi vəsf edən əsərlərinin təbliği üçün yeni yaradıcılıq layihələrinə sövq edir.

Bu məqsədlə Azərbaycan Bəstəkarlar İttifaqı “Vətənpərvərlik mövzusunda xor əsərlərinin ən yaxşı ifası” üzrə Respublika onlayn müsabiqə-festival elan edir. Müsabiqənin musiqi əsasını bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun xor kollektivləri üçün yazılmış əsərləri təşkil edir.

Azər Dadaşov müxtəlif musiqi janrlarında yazılmış çoxlu sayda əsərlərin müəllifidir. Onun yaradıcılığında  vətənpərvərlik məzmunlu xor musiqisi, həmçinin Vətənimizi, onun şanlı oğullarını, Qələbə qazanan igid əsgərləri vəsf edən xor mahnıları əhəmiyyətli yer tutur.

Müsabiqə bəstəkarın 75 illik yubileyinə həsr olunub və 2021-ci il 22-26 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

Müsabiqədə respublikanın ali və orta-ixtisas təhsili müəssisələrinin, həmçinin musiqi və ümumtəhsil məktəblərinin xor kollektivləri iştirak edə bilərlər.

Münsiflər heyətində tanınmış musiqi xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvləri, xormeysterlər yer alacaqlar.

Müsabiqə iki turda keçiriləcək. Birinci turun proqramına A.Dadaşovun istənilən 3 xor mahnısı daxil edilə bilər, ikinci turun proqramında isə bəstəkarın iki xor mahnısı – “Vətənim var” və “Qızıl dan” mütləq şəkildə ifa edilməlidir.

Müsabiqədə iştirak etmək istəyən xor kollektivləri 2021-ci il noyabrın 1-dək onlayn şəkildə qeydiyyatdan keçərək, ifa ediləcək xor əsərlərinin DVD lent yazısını, kollektivin yaradıcılığı haqqında məlumatı, foto şəkili Azərbaycan Bəstəkarlar İttifaqının  azcomposersunion@gmail.com e-mail ünvanına təqdim etməlidir.  Qeydiyyat forması tam doldurulmadığı halda ərizənin qəbulu dayandırıla bilər.

Müsabiqənin qalibləri və iştirakçıları üçün pul mükafatları, diplomlar, xüsusi hədiyyələr nəzərdə tutulur. Müsabiqənin mükafat fondu 5 000 manat təşkil edir.

Məlumat üçün Azərbaycan Bəstəkarlar İttifaqında əlaqə nömrələri: (012) 598 08 86; (012) 598 08 84.