“Yeddi gözəl” baleti Moskvada yeni quruluşda təqdim olunub
Xəbər verdiyimiz kimi, Moskva vilayəti Dövlət Akademik Balet Teatrı dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edib. Tamaşa Moskva Quberniya Teatrının səhnəsində nümayiş etdirilib.
Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda təqdim olunub. Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun redaksiyası əsasında səhnələşdirilən tamaşanın yeni quruluşu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova məxsusdur.
“Russkiy balet” Teatrı bədii rəhbərinin köməkçisi Viktoriya Axundova teatrın solistlərinin “Yeddi gözəl” baletində obrazları sevə-sevə ifa etdiklərini bildirib. Rusiya tamaşaçıları da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin dahi Nizaminin poeması əsasında yaratdığı baleti heyranlıqla izləyiblər.
Beynəlxalq müsabiqələr laureatları Dmitri Kotermin, Yulia Zvyagina, Mstislav Arefiyev, Vladimir Mineyev, Valeria Vasilyevanın çıxış etdikləri balet Moskva Quberniya Teatrının səhnəsində martın 30-da bir daha nümayiş etdiriləcək.