Xalq şairi Rəsul Rzanın Belqradda “Rənglər” və “Rəngli yuxular” silsilələrindən ibarət şeirlər kitabı çap olunub. Yeni nəşrdəki şeirləri serb dilinə Maya Teziç, rus dilinə Boris Slutski, David Samoylov, Yunna Morits, Leon Toom, Alla Axundova, Muza Pavlova, ingilis dilinə Aynur Hacıyeva, fransız dilinə Hamlet Qoca və Şamil Zaman çeviriblər.
   Kitabda “Rənglər” silsiləsi və Rəsul Rza yaradıcılığı haqqında Nazim Hikmətin, Dmitri Şostakoviçin, Qara Qarayevin, İlya Selvinskinin, Məmməd Arifin, Eduard Mejelaytesin, Boris Slutskinin, akademik Nikolay Fedorenkonun, Kanada yazıçısı Dizon Karterin, macar şairəsi Jula Rabın və başqa əcnəbi ədəbiyyatşünasların fikirləri də yer alıb. Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan kitaba Xalq yazıçısı Anar ön söz yazıb.