Xəbər verdiyimiz kimi, türk dünyasının böyük şairi və mütəfəkkiri Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə 2021-ci il Türkiyədə “Yunus Əmrə və Türk dili ili” elan edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Türkiyədə “Yunus Əmrə və Türk dili ili”nin elan edilməsi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən də rəğbətlə qarşılanıb. TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı ilə bu xüsusda həmsöhbət olduq.
– Bilal bəy, Türkiyə Prezidenti “Yunus Əmrə və Türk dili ili”nin elan edilməsi ilə bərabər əhəmiyyətli mesajlar da verdi. Onun türkcə haqqında söylədikləri ortaq türk dili məsələsini yenidən gündəmə gətirir. TÜRKSOY-un rəsmisi və həm də dilçi alim olaraq bu barədə nə deyərdiniz?
– Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın türk dilinin qorunması və inkişafına dair verdiyi dəstəyi, türkcəmizin düzgün və səlis şəkildə istifadəsinə həssas və diqqətli olduğunu hamımız bilirik. Müxtəlif vaxtlarda dilimizin özgələşdirilməsi problemini gündəmə gətirməsi və aidiyyəti dairələri bu məsələnin həlli üçün əməkdaşlığa dəvət etməsi, “2017-ci ili Türk dili ili” və bu ili də “Yunus Əmrə və Türk dili ili” elan etməsi bunun sübutudur. Əlbəttə ki, dilə xeyli sayda əcnəbi söz və ifadələrin daxil olması problemi təkcə bizim deyil, bir çox dünya dillərinin də problemidir. Prezidentimizin vurğuladığı kimi, başqa dillərdən alınma sözlər və əks proses, yəni söz mübadiləsi təbiidir, amma bu mübadilənin dilin səs və cümlə quruluşuna qədər təsir etməsi həlli vacib olan məsələdir. Belə bir vəziyyət dilimizin mahiyyətini məhv etməkdədir. Dilimiz şəxsiyyətimiz, kimliyimizdir. Ortaq türk dili isə ortaq kimliyimizdir. Türk dünyası dediyimiz ortaq mədəniyyət dünyamızın türkcə vasitəsilə bir-birinə bağıdır. Həm türk dili və ədəbiyyatı sahəsində çalışan bir elm adamı, həm də TÜRKSOY-un Baş katibinin müavini olaraq hesab edirəm ki, hörmətli Prezidentimizin son çıxışı bütün türk dünyası üçün də çox əhəmiyyətli mesajdır. Bunu mütləq qiymətləndirməli və ortaq kimliyimiz olan türkcəmizə sahib çıxmalıyıq.
– Ortaq türkcəyə münasibətiniz necədir?
– Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, türk dünyası olan hər bir yerdə türkcə danışılır. Ortaq istifadə etdiyimiz kəlmələrin bəzən mənaları fərqlənsə də, lüğətimizdə fərqli mənalarla qorunub saxlansa da, atalar sözlərimiz, deyimlərimiz, tapmaca və bayatılarımızdakı bu sözlər, ifadələr ortaq türkcəmizin nümunələri kimi qarşımıza çıxır. Türkcəmizin çoxlu sayda ləhcələri, şivələri və bununla bağlı fonetik fərqləri olduğunu da bilirik. Bütün bunlar isə türkcəmizi daha müxtəlif və rəngarəng edir. Bu baxımdan ortaq türkcənin mövcudluğu həm də hər türkcənin özünü qorumasına bağlıdır. Ortaq türkcəyə aid digər bir vacib məsələ ortaq türk əlifbasıdır. Zamanla bu mövzuda toplantılar təşkil edilir və elmi araşdırmalar aparılır. Bu işlərin əlifba dəyişikliyi prosesində türk dünyasına yön verdiyinin də şahidi oluruq, yəni bu istiqamətdə faydalı işlər görülməkdədir. Digər tərəfdən, Beynəlxalq Türk Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Türk Dil Qurumu kimi təşkilatlar ortaq terminoloji tədqiqatları və ortaq türk ədəbiyyatı araşdırmaları həyata keçirirlər. Biz də TÜRKSOY olaraq ortaq türk dili üçün görülən bu işləri bir-birindən ayırmadan həm nəşrlərimizlə, həm də təşkil etdiyimiz toplantılarla dəstəkləyirik.
– TÜRKSOY 2021-ci il “Yunus Əmrə və Türk dili ili”nə nə kimi töhfələr verəcək?
– TÜRKSOY-un türk dilinin yaşamasında önəmli rol oynayan şəxsiyyətlərimizi anmaq, gündəmdə saxlamaq və xatirəsini nəsildən-nəslə ötürmək kimi bir funksiyası da var. Əvvəlki illərdə olduğu kimi, bu il də bunu şərəflə icra edəcəyik. Türk dünyasında keçiriləcək görüşlər, toplantılar, reallaşacaq nəşrlər sayəsində Yunus Əmrəni türkcənin var olmasında çox əhəmiyyətli bir dəyər olaraq tanıdacağıq. İstər Türkiyədə, istərsə də ümumilikdə türk dünyasında TÜRKSOY-un çox sayda maraq göstərdiyi və təbliğ etdiyi sahələr var. Mədəniyyət, incəsənət və elm sahələrində tərəfdaşlarımızla birlikdə fəaliyyət göstərərək “Yunus Əmrə və Türk dili ili”ni dəstəkləyəcəyik.
Qardaş türk dövlətlərində türkcəmizin bütün zənginliyi ilə qorunub yaşadılmasında ədəbiyyat adamlarının, yazarların, özəlliklə də medianın önəmli rolu var. Bu xüsusda Azərbaycanın köklü, zəngin mədəniyyətinin və irsinin, eləcə də ortaq türk mədəni irsinin təbliğində xidmətlər göstərən “Mədəniyyət” qəzetinə də uğurlar diləyir, yaranmasının 30 illiyi münasibətilə qəzetinizin kollektivini təbrik edirəm. “Mədəniyyət” qəzetinin TÜRKSOY-un fəaliyyətinə göstərdiyi diqqət və dəstəklə əlaqədar da ayrıca təşəkkürümü bildirirəm.
Mehparə SULTANOVA
Ankara