Azərbaycan mədəniyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, uzun illər Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Əlican Əzizov 69 yaşında vəfat edib.
Əlican Süleyman oğlu Əzizov 1952-ci il fevralın 23-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-1996-cı illərdə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Aktyorun “Vaqif” (S.Vurğun) tamaşasında Vidadi, “Aydın”da (C.Cabbarlı) Dövlət bəy, “Almaz”da (C.Cabbarlı) Fuad və s. rolları maraqla qarşılanıb.
1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirən Əlican Əzizov N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaradıb, “Xeyir və Şər”, “Gül və Zəhər” və s. tamaşaların quruluşçu rejissoru olub.
Aktyor həmçinin “Azərbaycanfilm”in istehsalı olan “Süd dişinin ağrısı”, “Dairə”, “Şahid qız” filmlərində çəkilib.
Əlican Əzizovun sənət fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib. Aktyor 2000-ci ildə “Əməkdar artist” fəxri adına, 2006-cı ildə Prezident mükafatına layiq görülmüşdü.
Allah rəhmət eləsin.