“Öləndə hamı kəfənə bükülür, amma cənazəsi üzərində üçrəngli müqəddəs bayrağımızla şəhadətə qovuşmaq hər kəsə nəsib olmur...” Bu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun əsgərlərinə söylədiyi son kəlmələrdir.
Orxan kiçik yaşlarından atasını – polis mayoru Nadir Əkbərovu xüsusi geyimdə görmüşdü. Atası 90-cı ilin əvvəllərində mənfur ermənilərin törətdiyi qətliamlardan danışarkən Orxan ona diqqətlə qulaq asardı...
Orxan Əkbərov 2004-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Füzuli rayonundakı hərbi hissədə bölük komandiri kimi fəaliyyətə başlayıb. 20 ilə yaxın qüsursuz xidməti komandanlıq tərəfindən də dəyərləndirilib və polkovnik-leytenant Orxan Əkbərov kəşfiyyat hərbi hissəsinin komandiri vəzifəsinədək yüksəlib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda öndə gedənlərdən olub.
Şəhid anası Sevil Abdullayeva: “Orxan evə sonuncu dəfə sentyabrın 25-də gəlmişdi. Əlindəki telefonun zəngləri susmurdu. Bir zəng gəldi, tələsik həyətə çıxdı, danışıb qayıtdı. Qayıdan kimi dedi ki, gedirəm... Bu gün döyüş yoldaşları onun qəhrəmanlığından danışır. Ali Baş Komandanımız oğlumu Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edib. Qürur duyuram ki, qəhrəman anasıyam”.
Silahdaşı mayor Bəhruz Kərimovun bildirdiyinə görə, müharibənin ilk günü Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Horadiz kəndi, Böyük Mərcanlı, Nüzgar kəndlərinin işğaldan azad olunması zamanı Orxan Əkbərov döyüşçülərlə ön xətdə olub. Qeyri-bərabər döyüşdə düşmənin 200-dən çox canlı qüvvəsi, silah-sursatla dolu 6 yük maşını məhv edilib. Bu istiqamətdə qızğın döyüşlər sonrakı günlərdə də davam edib. Ön xətdə növbəti döyüş əməliyyatı zamanı mühasirəyə düşəcəklərini hiss edən kəşfiyyatçı əsgərlərinə dərhal mövqedən uzaqlaşmağı əmr edib. Özü isə qəhrəmancasına şəhid olub.
Şəhidin qardaşı Elnur Əkbərov: “Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Qardaşım Qarabağı işğalçılardan azad etdi. Şəhid Mübarizlərin intiqamını aldı”.
2020-ci il oktyabrın 6-da şəhidlik zirvəsinə ucalan Orxan Əkbərovun kiçik qardaşı Ənvər də cəbhənin ən qaynar nöqtələrində xidmətdə olub, hazırda mayordur. İndi bu vətənpərvər ailədə Orxanın iki nişanəsi böyüyür – Sevil və Çingiz. Onlar da tarix yazan qəhrəman ataları ilə daim qürur duyacaqlar!