Təəccüblənməyin, Azərbaycanda belə bir «dil» var
   
   MDB ölkələri ilə müqayisədə ölkəmizdə hotelçiliyn daha yaxşı inkişaf etməsi təqdirəlayiqdir. Statistikaya əsasən, Bakı şəhərində 165, respublikamızda isə 500-dən artıq hotel fəaliyyət göstərir. Amma bunlardan yalnız 250-sinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Beynəlxalq şəbəkəyə daxil olan əksər hotellər Bakı şəhərində yerləşdiyindən onların bəzilərində olub monitorinq apardıq. Məqsədimiz son dövrlər şəhərimizin küçələrində «işğala» məruz qalan Azərbaycan dilinə hotellərdəki münasibəti öyrənmək idi. 
   
   Müdiriyyət məşğuldur...
   
   Ziyarət etdiyimiz ilk məkan dördulduzlu «Qafqaz Point» hoteli oldu. Xarici görünüşünə və daxili dizaynına görə qonaqların zövqünü oxşayan bu hotelin içərisində bir dənə də olsun Azərbaycan dilində yazılmış sözə rast gəlmədik. Bizi qarşılayan hotel əməkdaşından bunun səbəbini soruşuruq. Sualımızı osmanlı türkcəsində cavablandıran əməkdaşı (o özünü belə təqdim etdi) belə məsələlərə müdiriyyətin cavabdeh olduğunu söylədi. Hotel səlahiyyətlilərindən kimsəni görmək isə bizə nəsib olmadı.
   Azərbaycanda ilk beşulduzlu hotel olan «Hyatt Regency»də də vəziyyət bu baxımdan ürəkaçan deyil. Hotelin «Quba» və «Naxçıvan» zallarında millilikdən əsər-əlamət belə yoxdur. Hətta bu zalları hotel əməkdaşlarından kimsə göstərməsə, tapmaq belə mümkün deyil. Çünki onların adları belə Azərbaycan dilində yazılmayıb. Baş çəkdiyimiz «Park İnn» və «Hyatt Park» hotellərində də eyni vəziyyətlə qarşılaşdıq. Təəssüf ki, bu hotellərin də səlahiyyətliləri «məşğul» olduqlarından onlara ünvanlayacağımız «Rəhbərlik etdiyiniz müəssisələrdə dilimizə nədən bu qədər sayğısız yanaşılır» sualına cavab ala bilmədik.
   
   Bütün xidmət sahələrində dövlət dili işlənməlidir
   
   Qeyd edək ki, Azərbaycan dili konstitusiyamızda dövlət dili kimi təsbit olunub. Mərhum prezident Heydər Əliyevin 30 sentyabr 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun “Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi” maddəsində yazılıb ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənməlidir: “Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
   Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
   Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcümə ilə müşayiət olunmalıdır”.
   
   Qaldığı hoteldə qonaq nəyi öyrənməlidir?
   
   Mütəxəssislərin fikrincə, bu məsələ çoxdan həllini tapmalıydı. Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov deyir ki, mehmanxanalara həm lisenziya verilən zaman, həm də ulduz veriləndə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır: «Hotelə daxil olan xarici qonaq bu obyektin Azərbaycanda olduğunu elə girişdəcə hiss etməlidir. Amma təəssüflər olsun ki, bizdəki mehmanxanaların böyük əksəriyyətində nəinki təkcə yazılardan, hətta zalların bəzədilməsi üslubundan belə azərbaycançılığı duymaq mümkün deyil. Bu cür hallar qətiyyən yolverilməzdir. Turist qaldığı mehmanxanada Azərbaycanın milli adət-ənənələrindən tutmuş, qədim tarixi, zəngin mədəniyyəti haqqında ətraflı bilgilər almalıdır. Bütün hotellərin vestibülünü və otaqlarının divarlarını ölkəmizin səfalı yerləri haqda bukletlər, tarixi-memarlıq abidələrini özündə əks etdirən rəsm əsərləri bəzəməlidir. Zalda bələdçi kitabları yer almalıdır ki, qonaqlar buradan Azərbaycandakı turizm marşrutları ilə tanış ola bilsinlər. Bir sözlə, bütün hotellərdə xarici qonağa Azərbaycan hər mənada təbliğ edilməlidir. Amma bizdə xüsusilə böyük mehmanxanalarda təbliğat vasitələrindən lazımi səviyyədə istifadə olunmur».
   Ekspert bildirdi ki, vəziyyətdən ən yaxşı çıxış yolu odur ki, Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri tərəfindən mütəmadi yoxlamalar aparılsın: «Mehmanxana sahibləri ulduzu almaqla işlərini bitmiş hesab etməməlidirlər. Ekspertlər vaxtaşırı reydlər keçiriməli, hotellərin ulduz göstəricilərinə uyğun fəaliyyətini yoxlamalıdırlar».
   
   İşgüzarlığın ingilis dilində aparılması yolverilməzdir
   
   Azərbaycan Hotel Kompleksləri Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Turizm İnstitutunun müəllimi Müzəffər Ağakərimov da hotellərdə Azərbaycan dilinə olan münasibətdən razı deyil: «Azərbaycan Respublikasının Konstitusiyasında göstərilib ki, dövlət dilimiz Azərbaycan dilidir. Mülkiyyət növündən asılı olmayaraq hər bir xarici və yerli şirkət üçün Azərbaycan dili mütləq birinci olmalıdır. Hotellərin restoranlarında menyular üç dildə - Azərbaycan, rus və ingilis dillərində yazılmalıdır. Bundan başqa, vestibüldə Azərbaycanın adət-ənənələrini özündə əks etdirən süvenirlər satılmalıdır, divarlarda mədəniyyətimizi, incəsənətimizi təbliğ edən rəsm əsərləri asılmalıdır. Turistdə hotelə daxil olan kimi, gəldiyi ölkə haqqında müəyyən bir təəssürat yaranmalıdır».
   Bəs problemi həll etmək üçün nə etmək lazımdır? Mütəxəssisin fikrincə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Hotel Kompleksləri Assosiasiyası və Azərbaycan Turizm Şirkətləri Assosiasiyası birlikdə hotellərə lisenziya verərkən bu tələbi ciddi şəkildə qoymalıdırlar: «Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kollegiya iclaslarının birində bildirdi ki, lisenziya şərtlərinə yenidən baxılacaq. Yəqin ki, bütün bunlar yeni qadalarda nəzərə alınacaq».
   M.Ağakərimov maraqlı bir məqama da toxundu: «Bir çox hotellərdə, xüsusilə şəbəkə sisteminə daxil olan hotellərdə işgüzarlıq ingilis dilində aparılır. Bu, əslində bilə-bilə Azərbaycan Respublikası Konstitusiyasını pozmaqdır. Bütün yazışmalar Azərbaycan dilində aparılmalıdır. Təsəvvür edin, hotelə bir ingilis gəlir, 99 nəfər isə azərbaycanlı işçi var. O bir ingilis bütün danışıqları ingiliscə aparır. Məsələn, yazılır «resepshinist». Bu sözün tərcüməsi mehmanxana inzibatçısı deməkdir. Bunun azərbaycanca variantı da yazılmalıdır. Qonaqla ingilis dilində danışılsın, bu, problem deyil. Axı görəndə ki, biz öz dilimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət edirik, onda qonaq da bizə hörmət edəcək. Nə üçün ABŞ-ın, Yaponiyanın səfiri gələn kimi Azərbaycan dilini öyrənir? Bu, çox təqdirəlayiq haldır. Dil bilmək ayıb deyil, insan lap 10 dil bilər. Amma birinci ana dilin, sonra başqa dillər».
   
   Mədəniyyət və Turizm Nazirliyi sahibkardan dilin qorunmasını tələb edir, lakin...
   
   Məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Mahir Qəhrəmanov dedi ki, hər hansı turizm obyektinə lisenziya verilən zaman nazirliyin sahibkarlar qarşısında qoyduğu ilk tələblərdən biri də Azərbaycan dilinin qorunması ilə bağlı olur: «Biz obyekt sahibindən tələb edirik ki, işçi personalı arasında danışıqlar azərbaycanca aparılsın, hotelin girişində və otaqlarda ölkəmizin mədəniyyətini və tarixini əks etdirən şəkillər olsun». «Bəs sahibkar sizin tələblərə əməl etmədiyi halda, hansı tədbirləri görürsünüz» sualımıza cavab olaraq qurum səlahiyyətlisi bildirdi ki, onlar yalnız tövsiyə edirlər. Prezident sərəncamına əməl edilməməsi ilə bağlı hər hansı tədbir görmək isə aidiyyəti dövlət qurumlarının işidir.
   NƏTİCƏ: Bizim haqqımızdır ki, vətəndaşı olduğumuz ölkədə Azərbaycan türkcəsinə hörmətlə yanaşmağı hər bir kəsdən tələb edək.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar