Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ağayev Nazim Əsəd oğlu tutduğu vəzifədən azad edilib. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Həmçinin regional idarələr üzrə yeni kadr təyinatları olub.

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrlərinə əsasən, Elçin Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin, Fərid Qurbanzadə isə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Elçin Nəcəfov 1974-cü ildə Bakıda anadan olub. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu idarəetmə ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti yanında Elmi-Tədqiqat və Layihə İnstitutunda başlayıb. Son təyinatadək Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. 2015-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Fərid Qurbanzadə 1981-ci ildə İmişli rayonunda anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini tarix, 2012-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasında başlayıb. 2002-2021-ci illərdə Gənclər və İdman Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.