İslamiyyətdən öncəki əcdadlarımız monastırlar tikdirmiş, hücrələrdə kilsə ədəbiyyatının zəngin nümunələrini yaratmışlar. Belə əsərlərdən biri V əsrin ortalarında qələmə alınan “Müqəddəs Şuşanikin iztirabları”dır.

Ermənilər son zamanlara qədər iddia edirdilər ki, Şuşa şəhəri Şuşanik adlı qızın yaylağında salınmışdır. Sonda iddia etməyə başladılar ki, Şuşa şəhərinin adı Şuşi olmuşdur.

Şuşanik adlı tarixi şəxsiyyət olubmu? Olub, ancaq onun ermənilərə heç bir aidiyyəti yoxdur. Bu barədə ermənilərin İakov Çoraporetsi, gürcülərin İakov Çurtaveli adlandırdıqları Çorlu Yaqub öz əsərində məlumat vermişdir. Bizə əsərin ilkin variantı yox, erməni və gürcü dillərinə tərcümələri günümüzə gəlib çatmışdır. Bu aqioqrafik (aqioqrafiya – (yunanca) dində müqəddəs elan edilən insanların həyatı haqqında yazı) əsər III Georginin zamanında gürcü dilinə tərcümə olunmuş, əlyazması 1121-ci ildə katolikos I Antoninin əmri ilə Kür çayına atılmışdır.

Şuşanik İberiya hakimi II Ər Şuşanın oğlu Bars xanın xatunu idi. Ər Şuşa öləndən sonra Bars xan İberiyadan Bərdə şəhərinə  köçmüş, Sasanilərin vassalı kimi Aran vilayəti üzərində hökmran olmuşdu.

Bərdəyə köçəndən sonra Şuşanik sarayın bambişi oldu. Bambiş baş xanım deməkdir. Baş xanım Şuşanik ölkədə bütün yetimlərin anası sayılırdı. Alban tarixçisi Musa Kaqankatuklu yazır ki, Şuşanik sarayda yetimlər üçün şahanə süfrə açdırardı. Yetimlər yeyib doymayınca əlini süfrəyə uzatmazdı. Bu məlumat onu göstərir ki, Azərbaycanda sahibsiz uşaqlara dövlət qayğısının ən azı 1500 illik tarixi vardır.

Sasanilər Qafqazı işğal edəndə Şuşanikin qara günləri başladı. Bars xanı II Yəzdigerdin (438-457) sarayına çağırıb tələb etdilər ki, ölkəni qədim fars əxlaqı ilə idarə etsin. Yəni Sasan kimi, Yəzdigerd kimi öz qanından olanlarla ailə qursun.

Şuşanik yabançı əxlaqa qarşı üsyan elədi. Dedi ki, buna görə əcdadlarımızın ruhları bizi bağışlamayacaq. Ona görə də qollarına qandal vurub zindana atdılar. O, yeddi il həbsxana zülmü çəkərək Tanrının dərgahına getdi. Öləndə vəsiyyət elədi ki, nəşini qolları qandallı məzara qoysunlar.

Şuşanikin düşmənə nifrəti dillərdə dastan oldu. Albaniyanın, İveriyanın qəbilə və tayfaları farsların ağalığına qarşı üsyana qalxdılar. İveriyada Kimer əsilli Qorq Aslan hakimiyyətə gəldi. Çinli Bakur nəslinin köməyilə sasaniləri ölkədən qovdu. Şuşanikin sümüklərini qəbirdən çıxardıb Çor şəhərində dəfn elədi. Çorlu Yaqub onun başına gətirilən zilləti qələmə alıb dastan yaratdı.

Ermənilərlə gürcülər dastanın kimə aidliyi barədə uzun zaman mübahisə etdilər. Sonra razılığa gəldilər ki, əsər ortaq erməni və gürcü ədəbi abidəsidir.

Çar VI Vaxtanqın zamanında 1712-ci ildə Müqəddəs “Şuşanikin iztirabları” ikinci dəfə redaktə edildi. Gürcülər bu redaktədən sonra Bars xanın adını Varsxen, ermənilər Vazqen kimi yazmağa başladılar.

Şuşalılar sonralar İslam dinini qəbul etdilər, yunanlarla, yəhudi mənşəli baqrationlarla vuruşa-vuruşa öz varlıqlarını qoruyub saxladılar. Misir məmlükləri Hələb şəhərini tutub Anadoluya girəndə Zülqədər oğlu Şahsuvar bəy Borçalı və Şuşa alplarını köməyə çağırdı. Şuşalılar Zülqədər oğulları ilə birləşərək Misir sultanının Suriya valisi Əmir Yaşbəyin qoşunlarını darmadağın etdilər. Bu həmin Yaşbəydir ki, sonralar İmadəddin Nəsiminin dərisini soydurmuşdur.

Şuşa süvariləri Hələb döyüşündən qayıdanda iki yerə bölündülər. Onların bir hissəsi Borçalı bəy ilə birlikdə Loru dərəsindəki Şuşa qalasına qayıtdı. Bir hissəsi Araz çayını keçib Qarabağda yurd saldı. 1721-ci ildə Osmanlı ordusu baş qərargahının tərtib etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də göstərilib ki, Şuşalı camaatı Kür çayı boyunca Qarayazı çölündə qışlayır.

Aran Qarabağında yurd salan şuşalılar Sarı babanın, Kirs dağının ətəyinə yaylağa gələrdilər. Cıdır düzündə at oynadardılar. Xəlfəli dərəsindəki Şuşalı kəndinin əhalisi onların son qalıqlarıdır.

Şuşalıların bir hissəsi də Qarqar çayının sağ sahilində yurd salmışdı. Ruslar Azərbaycanı işğal edəndə Çanaxçı məlikləri kimi onlar da xristian oldular və tədricən öz soydaşlarından uzaqlaşdılar. Onların kəndi yerli ləhcədə Şüşükənd, əhalisi şüşüllü adlanır.

Şuşakəndin xristian əhalisi öz antropoloji quruluşuna görə ermənilərə bənzəmir. Onlar gürcülərin Şuşaeti adlandırdıqları mahalın adamları kimi ağüzlü, mavigözlü, sarışın adamlardır. Dillərində yüzlərlə türk sözü vardır.

Övliya Çələbi XVII əsrin ortalarında Şəkidə olarkən yerli qocalar ona demişdilər ki, Şəki qalasını iveriyalı məlik Şuşa tikdirmişdir. Səyyah vətəninə qayıdarkən Loru dərəsində məlik Şuşanın iqamətgahının xarabalığını görmüşdü.

Gürcü tarixçiləri Loru dərəsi ilə Qırmızı körpü arasındakı Şuşa vilayətini Şuşaeti adlandırırdılar. Sonra o etnik inzibati məkana Şuşeti adı verdilər ki, etnotoponimin kökündəki Şuşa sözü görünməsin.

Bir zaman İveriyanın hakim nəsillərindən biri olan Ən Şuşa övladları baqrationlarla uzun döyüşlərdən sonra Türkiyənin şimal-şərqinə köçməyə məcbur oldular. İndi onların mahalı Şavşad adlandırılır. Yaxşı olar ki, mahalın Şuşa və ya Şuşaeti adı bərpa edilsin.

Akademik Nikolay Marr (1864-1934) 1910-cu ildə Şuşaeti mahalında etnolinqvistik tədqiqat apardı. Kəndləri bir-bir gəzərək ağız ədəbiyyatı nümunələrini topladı. 1911-ci ildə Tiflisdə “Дневник поездки Шавшетию и Кларджетую” əsərini çap etdirdi. Marrın bu kitabı türkoloji tədqiqat üçün müstəsna əhəmiyyətə malikdir. Görkəmli dilçi alim yazır: “Şavşetililər nə zamansa Gürcüstandan köçüb gəldiklərini xatırlayırlar, ancaq onlar gürcü dilini bilmirlər, öz dillərində danışırlar”.  N.Marr onların folklorundan çoxlu nümunələr verir, ancaq dillərinin türk dilinə bənzəməsi barədə söz demir.

Çıxıb baqlarda gezarsen,
Dertli baqrimi ezarsen.
Beyaz kaqıza benzarsen,
Kalem tutmaz yazam seni.

Bu gəraylı “Koroğlu” dastanının Şuşaeti variantındandır. Dastanın Azərbaycan variantı bu misralarla  başlayır:

Salam verdim, salam almaz,
Görüm kəssin salam səni.
Axçasız, pulsuz aşığam,
Pulum yoxdu, alam səni.

Şuşaeti mahalının adamları qələmə kalem, kağıza kaqız, pula axça, qapıya kapi deyirdilər. Bəzi tarixçilər yanlış olaraq elə hesab edirlər ki, onlar türk deyillər, türkləşmiş gürcüdürlər.

“Müqəddəs Şuşanikin iztirabları” kilsə ədəbiyyatımızın şah əsərlərindən biridir. Biz onun ilkin nüsxələrindən birini tapa bilsək, yalnız ədəbiyyat tariximizin yox, tarixi coğrafiyamızın bir çox qaranlıq məqamlarına aydınlıq gətirə bilərik.

İlhami CƏFƏRSOY
filologiya üzrə elmlər doktoru, AMEA Dilçilik İnstitutu Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri