Mövlanə Cəlaləddin Ruminin bir sözü var, deyir, “Gül verən əldə gül qoxusu qalar”. Sözün hikmətində bir də onu – teatr, səhnə üçün doğulmuş və onun sayəsində əbədiyyət ünvanı qazanmış aktyoru – Xalq artisti Əliabbas Qədirovu yad edəcəyik.

O, Azərbaycan teatr və kino sənətinin özünəməxsus kübarlığı ilə seçilən aktyorlarından idi. Belə demək mümkünsə, özünü sevərək sevdirməyə nail olmuşdu. Hələ gənc yaşlarında teatr və kino sənətimizdə tanınıb sevilməyindəki hikmət yəqin həm də bunda idi.

 

Aktyor doğulan...

 

Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olmuşdu. Hələ orta məktəb illərindən teatra marağı hiss edilib. Bu maraq və daxili emosiyanın fərqli yaradıcılıq formalarında təzahürü nəticəsində o, Dəmiryolçular klubuna gəlir, görkəmli aktyor, Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinə üzv yazılır. Beləcə, dəmiryolçu atanın teatrsevər oğlunun ilk səhnə cığırı da dəmiryolçuların səhnəsində açılır.

Doğrudur, onun sənət yolu, aktyorluğun zirvəsinə yetişməsi elə də asan olmayıb. Bir çoxları kimi o da məhrumiyyətlərlə üzləşib, uğura yetmək üçün gecəsini gündüzünə qatıb. Hələ dram dərnəyində fəaliyyətə başlayarkən onun iddialığı, ən əsası isə, teatra ziyadə bağlılığı Ağadadaş müəllimin də çox xoşuna gəlir. Səhnənin daha bir istedadlı sənət fədaisi qazanacağından məmnun halda ona klassik aktyor məktəbinin incəliklərini öyrədir.

İstedad və ustad əlindən su içmək onu bu sənətə ömürlük bağlayır. 1965-ci ildə o vaxtkı Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsinə daxil olur. Müəllimləri sarıdan bəxti gətirən Ə.Qədirovun sənət müəllimi, ixtisas kurs rəhbəri görkəmli teatr rejissoru, Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi isə Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olur. Beləcə, bünövrədən başlayan ustad şəyirdliyi ali məktəbdə də davam edir. Aktyor sənətinin incəlikləri ilə yanaşı maraqlı yaradıcılıq qolu olan bədii qiraət sahəsində də özünü püxtələşdirir.

İnstitutda tələbələrin özünüifadə məkanı, ilkin peşəkar meydanı olan Tədris teatrının səhnəsində tez-tez çıxış etməyə başlayır, teatrın ştatlı aktyoru kimi burada müxtəlif səpkili obrazlar yaradır. Daha çox klassik dramaturgiya nümunələrində əsərlərdə özünü sınayan, bir növ çətin tapşırıqları icra etməyi sevən gənc tələbə-aktyor Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər” əsərlərinin tamaşalarında maraqlı rollar oynayır.

Özünüifadə manevrləri yaşının və təcrübəsinin üzərində dayanan Ə.Qədirovun bu üstünlüyü sənət müəllimi Mehdi Məmmədovun diqqətindən hələ ilk kursdan yayınmamışdı. Elə buna görə də sonuncu kursda onu peşəkar səhnəyə gətirir. Onu Akademik Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edir. İstedadlı gənc 1970-ci ildən teatrın aktyoru kimi fəaliyyətə başlayır və ömrünün sonunadək bu səhnəyə, bu sənət ocağına bağlı qalır.

Doğrudur, bir müddət o, teatrın bədii rəhbəri və direktoru kimi də çalışıb. Amma aktyor kimi teatra, səhnəyə sevgisini və sadiqliyini itirməyib. Maraqlıdır ki, müxtəlif yaradıcılıq sahələrində – kinofilmlərdə, televiziya tamaşaları və proqramlarında, eləcə də qiraətçi kimi fərqli tədbirlərin əsas mərkəzində olsa da, heç vaxt bu teatrın səhnəsindən ayrılmayıb, ilk və son məbədi kimi daim onun ecazında qalıb.

 

Onun səhnəsi

 

Aktyor kimi daha çox romantik-psixoloji üslubdakı rollarda tamaşaçı ilə obraz arasında incə rabitəni təmin edir və bunu çalışdığı teatra xas, oturuşmuş aktyor oyunu üslubundan tam fərqli bir emosiyada çatdırırdı. Xüsusən klassik dramaturji əsərlərdə təbii oyunu ilə seçilirdi. Onun sevərək yaratdığı bu qəbildən olan nümunələr arasında “Xəyyam”da Yusifi, “Zamanın hökmü”ndə Pronyası, “Xırs quldurbasan”da Vəlisi daha parlaq ifalar kimi aktyor tərcümeyi-halına yazılıb. Müxtəlif illərdə səhnə həyatı verdiyi obrazlar – “Darıxma, ana!”da Givi, “Mahnı dağlarda qaldı”da Nicat, “Aydın”da İlyas, “Şöhrət və ya unudulan adam”da Fotoqraf, “Məhəbbət əfsanəsi”ndə Şərif, “Xurşudbanu Natəvan”da Seyid Hüseyn, “İblis”də Vasif, “Kimdir haqlı?”da Rəşad, “Büllur sarayda”da Həbib, “Torpağa sancılan qılınc”da Qazan xan, “Şeyx Xiyabani”də Şirzad, “Mənsiz dünya”da Mirzə Şəfi, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mircəfər Bağırov, “Tənha iydə ağacı”nda Kərim bəy, “Sənsiz”də Tərlan, “Kral Lir”də Qraf Qloster, “Hökmdar və qızı”nda İbrahim xan, “Özümüzü kəsən qılınc”da (“Göytürklər”) Qara xaqan, “Ulduz, yaxud Ədirnənin fəthi”ndə Ənvər və başqa bir-birindən maraqlı rolları onun milli teatr sənətimizdəki zəngin oyun texnikasının nümayişidir.

 

Teleekrandakı doğma üz

 

Əliabbas Qədirovun çoxşaxəli yaradıcılığının bir qolunu da televiziya təşkil edirdi. Sadə və səmimi ifadəsi olan aktyorun kütləvi tamaşaçı ilə teledialoqu da maraqlı və məhsuldar alınırdı. Təsadüfi deyil ki, o, televiziyada bir çox tamaşalarda maraqlı obrazlar yaradaraq tamaşaçı yaddaşındakı yerini ustalıqla möhkəmləndirə bilib. Bu mənada “Laçın yuvası” (Cahangir), “Təkan” (Dilqəm), “Atayevlər ailəsi” (Cahangir), “Hacı Qara” (Heydər bəy), “Bəxtsiz cavan” (Fərhad), “Duel” (İsgəndər) kimi tamaşalarda yaratdığı sadə və koloritli obrazları sayəsində həmin nümunələr televiziyanın “qızıl fond”una daxil edilib.

Televiziyanın “Komediyalar aləminə səyahət” kimi baxımlı və uzunömürlü verilişinin aparıcısı kimi də fəaliyyət göstərib.

 

Kinolentdəki iz

 

Onun kinoda ilk işi 1972-ci ildə çəkildiyi “Xatirələr sahilində” filmində İmran Zahidov rolu olub. Dram janrındakı bu filmin ardınca o, “Nəğmə dərsi”ndə Ata, “Evin kişisi”ndə Mansur, “Qızıl uçurum”da Cəlil, “Babək”də Fəzl, “İşarəni dənizdən gözləyin”də Sultanov, “Sevinc buxtası”nda Nazim kimi rollara dəvət olunur. Kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” ikiseriyalı bədii filmindəki Nazim roluna görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdü.

1982-ci ildə “Əməkdar artist”, 1989-cu ildə isə “Xalq artisti” fəxri adları ilə təltif olunan aktyor yorulmaq bilmədən istər teatr, istər kino, istərsə də televiziya sahəsində fəaliyyətini paralel olaraq davam etdirirdi.

Ə.Qədirov yaxşı aktyor olmaqla yanaşı, həm də yaxşı müəllim idi. Mədəniyyət və İncəsənət Universitetində aktyorluqdan dərs deyirdi. Ustadlarından öyrəndiklərini öz süzgəcindən keçirərək tələbələrinə öyrətməyə çalışırdı.

 

Son obraz

 

Bir çox aktyorun obrazlar sıralamasını qeyd edərkən son rollarının mistikası, belə demək mümkünsə, seçkinliyi istər-istəməz qəribə ovqat yaradır. Biz tamaşaçı olaraq obrazdan-obraza dəyişən, başqalaşan aktyorları elə bil məhz son rolları ilə özləri kimi qəbul edir və bu sonluğun  əzabında daha çox sevməyə, daha çox xatırlamağa çalışırıq. Onun da son rolu bu mizan-yozuma uyğun idi. Əli Əmirlinin “Mesenat” əsərindəki Hacı Zeynalabdin Tağıyev obrazı.

Səhnəyə son olaraq böyük xeyriyyəçinin obrazında çıxan Əliabbas Qədirov həyat obrazını da mübariz tamamladı. Xəstəliyi ilə illərlə vuruşdu və 2006-cı ilin 8 martında tamaşaçıları ilə həmişəlik ayrıldı.

“Mənim ömür qatarım da mütləq bir gün, bəlkə də ən yaxın zamanda hansısa dayanacaqda dayanacaq, duracaq” deyən sənətkar 60 yaşında, aktyor kimi ən məhsuldar dövründə dünyadan köçüb getdi.

Biz tamaşaçılarına isə onu həyata gəlişinin 75,  gedişinin isə 15-ci ilində ehtiram və sevgi ilə xatırlamağı bəxş elədi...

Həmidə NİZAMİQIZI