Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindəndir. Əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğın amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Xocalı soyqırımı – 29” adlı daycest (“digest” - ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) hazırlayıb. Topluda Xocalı soyqırımı ilə bağlı 2016–2020-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələrdən seçmələr əks olunub. Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini əsrin faciəsi haqqında materiallarla tanış etməkdən ibarətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Xocali.29.pdf linkindən istifadə edə bilərlər.