Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevin iştirakı ilə hazırladığı "Qalib əsgər" balet kompozisiyasını təqdim edib.

Layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu baletmeysteri və ifaçısı Emin Əliyevdir. Musiqi tərtibatçısı teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadə, geyim üzrə rəssamı Aynişan Məmmədova, qrim rəssamı Aybəniz Hüseynovadır.

44 günlük Vətən müharibəsində Ordumuzun döyüş meydanında qazandığı parlaq Qələbəyə həsr olunan kompozisiyada yüksək milli ruh tərənnüm edilir. Kompozisiyanın mərkəzində böyük Zəfərdən sonra gözlərində qalibiyyət parıltısı olan qalib əsgər obrazı dayanır.

Görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən istifadə olunan kompozisiyanın çəkilişləri İsmayıllı rayonunda aparılıb. Layihə böyük maraqla qarşılanıb.