Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun fevralın 1-də Milli Məclisdə qəbul olunub.

Memoranduma əsasən, Azərbaycan-Türkiyə birgə media platforması yaradılacaq. Platforma çərçivəsində iki ölkə arasında media əlaqələri şəbəkəsi infrastrukturunun yaradılması aşağıdakı istiqamətlər üzrə həyata keçiriləcək: media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması; iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması; beynəlxalq arenada dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması; televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi; peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi və s.

Qeyd edək ki, memorandum 2020-ci il dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı imzalanıb.

Memorandum Türkiyə tərəfindən müvafiq təsdiq prosedurundan keçəndən sonra qüvvəyə minəcək. Bundan sonra 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılmalıdır.