ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M.Snayder 2021-ci il fevralın 26-nın Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəhər merinin bəyanatı Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə yayılıb.

Bəyanatda Xocalı soyqırımının 29-cu ildönümü olduğu, bu faciədə 613 azərbaycanlının qətlə yetirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir.

***

Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı daha bir bəyannamə ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusenin adından yayılıb.

ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib.

Bildirilir ki, bütün bu faktları nəzərə alaraq, Skoki meri Corc Van Dusen 2021-ci il fevralın 26-nı şəhərdə Xocalı qətliamı qurbanlarının anım günü elan edib.

Qeyd edək ki, indiyədək ABŞ-ın otuza yaxın ştatında Xocalı soyqırımı ilə bağlı müvafiq  sənədlər qəbul olunub.