Avropa İttifaqının (Aİ) Azərbaycanda reallaşdırdığı layihələri nümayiş etdirən yeni sayt (eu4azerbaijan.eu) istifadəyə verilib. Bu barədə Aİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən keçirilən onlayn tədbirdə məlumat verilib.

Nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskas Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq qurulduğunu bildirib. O, energetika, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, kiçik sahibkarlığın inkişafı və  s. sahələrdə reallaşdırılan layihələrdən bəhs edib.

Səfir yeni istifadəyə verilən saytın bu baxımdan əhəmiyyətini qeyd edib. Bildirib ki, saytda Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda icra edilən layihələr, tədbirlərlə bağlı interaktiv xəritə vasitəsilə məlumat almaq mümkün olacaq. Məlumatlar müntəzəm olaraq Azərbaycan və ingilis dillərində təqdim ediləcək.

Aİ-nin nümayəndəliyi, həmçinin Azərbaycanın çap, teleradio və onlayn media nümayəndələri üçün “Avropa İttifaqı Azərbaycan üçün” (“EU4Azerbaijan”) adlı müsabiqə elan edilib. Müsabiqənin əsas məqsədi Aİ ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən həyata keçirilən layihələr barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Sonda səfir Kestutis Yankauskas media nümayəndələrinin suallarını cavablandırıb.