Fevralın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda qurumun İdarə heyətinin 2020-ci ilin yekunları ilə bağlı hesabat toplantısı keçirildi.

Toplantını giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq bildirdi ki, hər il mühüm mədəni hadisələrlə və görkəmli sənətkarlarımızın yubileyləri ilə bağlı tədbirlər keçirilirdi: “Məlum pandemiya bizə çətinliklər yaşatdı. Bir çox tədbirlərimizi keçirə bilmədik. Ancaq 2020-ci il bizim üçün tək pandemiya deyil, həm də Qələbə ili oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq Qələbə qazandı.  Xalqımızın Qarabağ həsrətinə son qoyuldu”.

Firəngiz Əlizadə sonra Əməkdar incəsənət xadimləri, professorlar - tanınmış musiqişünas alim İmruz Əfəndiyevanı 85, bəstəkar, pedaqoq Faiq Nağıyevi 75 illik yubileyləri münasibətilə təbrik etdi, cansağlığı və yaradıcılıq uğurları arzuladı.

Bəstəkarlar İttifaqının katibləri, Əməkdar incəsənət xadimləri musiqişünas Zemfira Qafarova, bəstəkar Cəlal Abbasov yubilyar sənətkarların həyat və yaradıcılıqlarından danışdılar, təbriklərini çatdırdılar.

Professor İmruz Əfəndiyeva, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova və başqaları çıxış edərək pandemiya dövründə Bəstəkarlar İttifaqının gördüyü işləri yüksək qiymətləndirdilər. Qeyd edildi ki, Vətən müharibəsində iştirak edən cəsur əsgər və zabitlərimizin qəhrəmanlıqlarını vəsf edən yeni-yeni musiqi əsərləri yazılmalıdır.  

Çıxışlardan sonra Bəstəkarlar İttifaqının 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat dinlənildi.

Sonda Bəstəkarlar İttifaqının “Nizami Gəncəvi İli”nə həsr edilən qəzəl-romans müsabiqəsi barədə məlumat verildi. Bildirildi ki, müsabiqənin məqsədi Üzeyir Hacıbəylinin Nizaminin sözləri əsasında “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının davam və inkişaf etdirilməsi, mütəfəkkir şairin zəngin yaradıcılığının musiqi ilə vəhdətdə ədəbi-bədii meyarlara cavab verən yeni nümunələrin yazılmasıdır.

Savalan FƏRƏCOV

Redaksiyadan: Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə geniş müsahibə qəzetimizin növbəti sayında dərc olunacaq.