Ana dili! Bu, o dildir ki, analarımız həzin və məlahətli səslə bizə beşik başında həyatın ən həzin nəğməsi olan laylanı bu dildə deyib. Bu, o dildir ki, Nizami müdrikliyi, Müşfiq sevgisi, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunub, zaman-zaman qanımıza, canımıza hopub.

Ana dili bizim qiymətli, müqəddəs sərvətimizdir. Ana dili adicə bir ifadə deyil. Ana dili bizim kökümüz, kimliyimiz, milli mədəniyyətimiz, millı əxlaqımızdır.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməyib. Bizim də borcumuz, şərəfli vəzifəmiz ana dilimizi qorumaq, onun zənginliyini hər bir sahədə tərənnüm etmək və gələcək nəsillərə ötürülməsinə yardımçı olmaqdır.

Respublika Gənclər Kitabxanası 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə videomaterial hazırlayıb.

Videoçarxda hər bir insan öz ana dilini yaxşı bilməsi və onu qorumalı olduğu fikri rəhbər tutularaq, dilin dövlət dili statusuna yüksəlməsinin millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutu olması diqqətə çatdırılır. Videomaterialda Beynəlxalq Ana Dili Gününün tarixindən, ölkəmizdə ana dilinin keçdiyi inkişaf mərhələsindən bəhs edilir, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahədə siyasəti, imzalanan qanun və sərəncamlar barədə məlumat verilir.

Bundan əlavə, kitabxananın sosial şəbəkələrində Beynəlxalq Ana Dili Günü münasibətilə paylaşımlar istifadəçilərin diqqətinə çatdırılıb.

Videoçarxa aşağıdakı link vasitəsilə baxmaq olar:

https://www.instagram.com/p/CLe0462h2LZ/