Heydər Əliyev Sarayı və “Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fevralın 22-də bu münasibətlə keçirilən görüşdə Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov 1972-ci ildə qapılarını tamaşaçıların üzünə açan, öz qurucusu – ümummilli liderin adını daşıyan tarixi səhnə, sənət məbədi haqqında ətraflı məlumat verib. Sarayın digər mədəniyyət ocaqları arasında özünəməxsus yeri olduğunu vurğulayan R.Qasımov bu səhnədə çıxış etməyin hər bir yaradıcı gənc üçün xüsusilə qürurverici olduğunu deyib.

Sarayın direktoru qeyd edib ki, bu gün gənclərin respublikamızın ictimai-siyasi və mədəni həyatında fəal iştirakı üçün yüksək şərait yaradılıb. İstedadlı gənclərin xaricdə təhsil almağa göndərilməsi də dövlətimizin onlara qayğısının nümunəsidir.

İctimai birliyin sədri Nihad Allahyarlı da öz növbəsində bildirib ki, vaxtilə bu möhtəşəm məkanda ümummilli lider Heydər Əliyevin iştirakı ilə bir çox mötəbər tədbirlərin gerçəkləşməsi bizim üçün böyük mənəvi dəyər və əhəmiyyət kəsb edir. Bu baxımdan Heydər Əliyev Sarayı ilə əməkdaşlığa xüsusi önəm verdiklərini deyən N.Allahyarlı göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Sonra Heydər Əliyev Sarayı və “Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum ictimai-siyasi, mədəni proseslərdə fəal iştirak edərək, yeni layihələrin həyata keçirilməsi, milli-mənəvi dəyərləri və mədəni irsi qoruyaraq ölkəmizdə aparılan islahatlar prosesinə töhfə verilməsi, müxtəlif tədbirlərin, görüşlərin təşkili kimi məsələləri əhatə edir.