Fevralın 23-də Ankaranın Qızılcahamam rayonunda Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi. Azərbaycanın Türkiyədəki Səfirliyi və Kızılcahamam Bələdiyyəsinin birgə təşkil etdiyi tədbir Xocalı abidə-muzey kompleksinin önündə gerçəkləşdi.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin üzvü Emrullah İşler, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qızılcahamam Bələdiyyəsinin başqanı Süleyman Acar, Qızılcahamam rayonunun kaymakamı (icra nümayəndəsi) Can Aksoy tədbirdə çıxış etdilər.

Çıxışlarda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından bəhs olundu. Bildirildi ki, Xocalı soyqırımının əsl mahiyyəti heç zaman unudulmayacaq. Qızılcahamamda yaradılan Xocalı abidə-muzey kompleksinin məqsədi də Xocalı həqiqətlərini unutmamaq və geniş ictimaiyyətə çatdırmaqdır.

Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etməsindən də söz açıldı. Bu tarixi Zəfərin qazanılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək tarixi qardaşlıq münasibətinin ən parlaq səhifəsi kimi dəyərləndirildi.

Çıxışlardan sonra iştirakçılar Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzdülər, abidə-muzey kompleksini ziyarət etdilər.

Mehparə SULTANOVA
Ankara