Dünyada yeni bəşəri cinayətlərə yol açılır

Ölkəmizdəki dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.

“Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri XX əsrin ən qanlı faciələrindən biri olan və insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinə müraciət edirik.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib”, – deyə müraciətdə bildirilir.

Vurğulanır ki, Xocalıda soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin kulminasiya nöqtəsi olub.  Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi – Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın təcavüzkar siyasətinin nəticələri idi.

“2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Ermənistan silahlı qüvvələri azərbaycanlı hərbçilər, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi, 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi” – deyə müraciətdə diqqətə çatdırılır.

Bildirilir ki, ötən müddətdə dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı kimi tanıyıblar: “Lakin təəssüf ki, bəziləri Ermənistanın yalançı təbliğatına uyaraq, bu dəhşətli cinayətə etinasız yanaşırlar. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin hüquqi-siyasi qiymət almamasında bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyillər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmasına, terrorizm və ekstremizm üçün zəmin yaranır. Erməni terrorçuları törətdikləri hərbi cinayətlərə görə hələ də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb, layiqli cəzalarını almayıblar. Bu soyqırımını törədən, öz xalqını işğalçı müharibəyə sürükləyən, erməni irqçi-faşist ideologiyasının banisi Njde Qareginə abidə ucaldan irqçilərin ədalət qarşısında cavab vermək zamanı gəlib çatıb!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili və Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski imzalayıblar.