Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümünə dair tədbirlər planına əsasən, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissorları faciə qurbanlarının xatirəsinə ithaf olunan qısametrajlı filmlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocaliya ədalət!” beynəlxalq kampaniyasına qoşulublar.
Samir Qulamovun “Əsirlikdən qayıdan lampa”, Cavid İmamverdiyevin “Xocalıya ədalət!”, Anar Babalının “Məktub yetişdi”, Ərtoğrul Kamalovun “Xocalı” qısametrajlı filmlərinin ümumi məzmunu mənfur düşmənin Xocalıda törətdiyi vəhşilikləri bir daha geniş kütləyə çatdırmaq olsa da, onlar bu dəfə mövzuya qalib xalqın nümayəndələri kimi yanaşıblar.
“Əsirlikdən qayıdan lampa” filmində qalib əsgərin illər sonra işğaldan azad olmuş Xocalı torpağında öz doğma evinə qovuşması səhnəsi göstərilir. Vaxtilə yaşadığı evdən tapdığı lampa onun itirilmiş illərini bir göz qırpımında geri qaytarır, xatirələrini oyadır...
“Xocalıya ədalət!” qısametrajlı filmində faciə qurbanlarının xatirəsi “Ana harayı” abidəsi önündə anılır. Anma mərasimində iştirak edən bütün insanların qəlbindən sanki bu sözlər keçir: “Ruhunuz şad olsun, əzizlərimiz! Qanınız yerdə qalmadı, qisasınız alındı!”.
“Məktub yetişdi” filmində bir məktəblinin Ordumuzun əsgərinə ünvanladığı məktubdan bəhs edilir. Müzəffər əsgər cavab məktubunda uşağın arzu və istəklərini yerinə yetirdiyini bildirərək onun körpə qəlbini sevindirir. Əsgər obrazını Vətən müharibəsinin iştirakçısı olmuş Əliqulu Hüseynov canlandırıb.
“Xocalı” qısametrajlı filmində də ötən illərin ağrı-acısı xatırlanır, Ali Baş Komandanın əmri, şanlı Ordumuzun dəmir yumruğu ilə 44 günlük şanlı Zəfər tariximizi əks etdirən qürurverici kadrlara xüsusi yer verilir.
Teatrın aktyorları Mehriban Zaliyeva, Ruslan Mürsəlov, Nicat Əli, Güldanə Əzimova, Şaban Cəfərov, Hidayət Əliyev, balet artisti İnarə Kərimova və başqalarının iştirak etdiyi videofilmlərdə ermənilərin Xocalıda törətdiyi dəhşətləri əks etdirən məlumatlar da yer alıb.
Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə hazırlanan videolayihələr fevralın 24-dən etibarən sosial şəbəkələrdə nümayiş olunacaq.