Xalq artisti Yalçın Rzazadə dünyadan köçdü

Məlahətli səsi və bənzərsiz ifa tərzi ilə oxuduğu nəğmələrə ölməzlik bəxş edən, ən populyar mahnıları belə öz sənət möhürü ilə yaddaşlarda yaşadan görkəmli müğənni, Xalq artisti Yalçın Rzazadə 2021-ci il fevralın 22-də vəfat etdi.

Azərbaycan tamaşaçısı ilk dəfə onu Cahangir Cahangirovun “Durnalar” mahnısının (söz: M.P.Vaqif) ifası ilə tanıyıb sevmişdi. İllər ötdükcə bu sevgi, rəğbət oxuduğu neçə-neçə mahnıda özünü təsdiqlədi... Gün gəldi, ömür bitdi, o da fani dünyanın köçünə qoşuldu. Amma səs, sənət ölmür, yaşayacaq və sənətkar adını yaşadacaq...

“Musiqi mədəniyyətimizə böyük məhəbbət və sıx bağlılıqla səciyyələnən yaradıcılıq fəaliyyəti, ürəyəyatan səsi və orijinal ifa tərzi ilə musiqisevərlərin və xalqımızın məhəbbətini qazanan tanınmış müğənni Yalçın Rzazadəni unutmayacağıq”, – deyə Mədəniyyət Nazirliyinin sənətkarla bağlı videopaylaşımında vurğulanır.

Yalçın Rzazadə fevralın 23-də dünyaya gəldiyi torpaqda, Lənkəranın Liman qəsəbəsində, dünyadan köçmüş əzizlərinin yanında torpağa tapşırılıb. Dəfn mərasimində rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Allah rəhmət eləsin.