ADA Universitetinin məcburi köçkünlər arasında onlayn sorğusu

2020-ci ilin Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ölkəmizin 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan ərazilərini azad etdi. Bu ərazilərin bərpası və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir.

Qayıdışın səmərəli şəkildə təşkil olunması üçün repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin Akademik və təhsil məsələləri üzrə İşçi Qrupu yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın postkonflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.

ADA Universitetindən verilən məlumata görə, bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir.

Sorğu fevralın 22-dən etibarən açıqdır. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin https://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir. Bu sorğu və bənzər digər araşdırmalar Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçün vacibdir. Tədqiqat qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırır.

 

Daha bir sorğunu UNEC keçirir

 

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında daha bir sorğunu Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) keçirir. Sorğuda universitetin məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.

UNEC-dən bildirilib ki, sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları və cavabları məxfi qalacaq.

Sorğuda https://sorgu.ada.edu.az/ linki vasitəsilə iştirak etmək olar.