Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə mərhum azərbaycanlı şair Oqtay İsmayıllının Xocalı faciəsinə həsr olunan “Mələklərin soyqırımı” poeması Azərbaycan və özbək dillərində işıq üzü görüb.

Qeyd edək ki, “Mələklərin soyqırımı” poeması AMM-in “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində elan olunan “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsində qalib seçilərək xüsusi mükafata layiq görülüb.

Əsər AMM-in sifarişi ilə özbək dilinə tərcümə edilərək iki dildə çap olunub. Poemanı özbək dilinə tərcüməçi Raxmat Babacan çevirib. Təəssüf ki, müəllif Oqtay İsmayıllı əsərin nəşrini görə bilməyib, ötən ilin mayında vəfat edib.

Kitaba ön söz yazan AMM-in direktoru Samir Abbasov “Mələklərin soyqırımı” poemasını erməni işğalı, xalqımıza qarşı tarixən törədilmiş qanlı qətliamlar, soyqırımlarını unutmamaq, poeziyanın dili ilə insanlarımıza, dünyaya çatdırmaq üçün diqqətəlayiq əsər kimi dəyərləndirir.

S.Abbasov müəllifin Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəni, Xocalıda əlləri məsum insanlarımızın qanına batan erməni cəlladlarının öz cəzasına çatmasını görməməyinə təəssüfünü ifadə edir. Bildirir ki, artıq Oqtay İsmayıllının ruhu şaddır. O, həmçinin müəllifin arzusu olaraq nəşrin gələcəkdə işğaldan azad edilmiş Qarabağ torpağında  təqdimatının keçiriləcəyini vurğulayır.

Bildirək ki, müəllif poemada hadisələri “Ulu mədəniyyət beşiyi”, “Xocalıya aparan yol”, “Azərbaycanlı və erməni ananın tərbiyəsi”, “Qiyamətin başlanğıcı”, “Təpəgözün doğulması”, “Məhşər: 26 fevral 1992”, “Sızıldayan qar topası”, “Ailə rekviyemi”, “Zəncirlənmiş uşaq”, “Xocalı səmasında ruhların söhbəti”, “Xocalıya and içirəm” və s. başlıqlarla verir.

Əsərdə Xocalı soyqırımı erməni millətçiləri tərəfindən bütün insanlığa qarşı həyata keçirilən qətliam kimi təqdim olunur.