Hər insan həyatı ilə bir əsər yazır. Şəhid həyatı isə şahid olmağa gəldiyimiz dünyanın ən möhtəşəm əsərlərindəndir. Şəhid Sənan Miriyevin həyatı kimi.
Sənanın ailəsi əslən Xocalı şəhərindəndir. 1992-ci ilin soyuq fevral ayında vəhşi düşmən tərəfindən törədilən soyqırımı zamanı sağ qalmağa nail olan ailə Beyləqan rayonuna pənah gətirir. Sənan 1998-ci il martın 1-də rayonun Allahyarlı kəndində anadan olur. Beyləqanda yerləşən Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunu olan Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə yollanır. Dövlət Sərhəd Xidmətində çavuş kimi hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxılır. Şəhidin atası Arif Miriyevin sözlərinə görə, Sənanın arzusu əmisi oğlu Surət Miriyev kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək idi. Bu arzusunu reallaşdırmaq üçün 2020-ci il sentyabrın əvvəlində könüllü olaraq ordu sıralarına yazılır, kəşfiyyat bölüyündə hərbi xidmətini davam etdirir. Kəşfiyyatçı olmaq arzusu gerçəkləşsə də, ən böyük arzusu hələ həyata keçməmişdi. Uşaq yaşlarından Qarabağın bütünlüklə işğaldan azad olunmasını istəyirdi, qisas gününü səbirsizliklə gözləyirdi.
44 günlük Vətən müharibəsi Sənan kimi minlərlə igid oğullarımızın öz hünərini, yurd sevgisini və düşmənə nifrətini göstərmək üçün bir imkan oldu. Bir-birinin hünərindən ilham alan igid əsgərlərimiz düşmənin üstünə qorxmadan irəlilədilər. Sənan da Vətən müharibəsində qəhrəmanlıqla vuruşdu. Sentyabrın 27-də – böyük haqq savaşımızın ilk günündə Tərtərin Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərdə böyük şücaət göstərərək şəhadət şərbətini içdi.
Atası Arif Miriyev qeyd edir ki, Sənanda Vətən sevgisi hər şeydən üstün idi: “O, hərbi xidməti başa vurub evə qayıdan zaman söylədim ki, başqa sahəyə üz tut. Lakin məni dinləmədi. Hətta ona “Kamaz” da almışdım. Lakin maşını bir dəfə belə sürmədən yenidən hərbiyə qayıtdı”.
Sənan kimi qorxmaz oğullarımızın sayəsində tarixi torpaqlarımızı bərpa etdik. İndi Sənanın və bütün şəhidlərimizin uyuduğu torpaq xalqımızın ən əziz ziyarət yeridir. Xalqımız canını Vətənin azaldığı üçün fəda edən qəhrəmanlarımızı heç vaxt unutmayacaq.
Sənan Miriyev sentyabrın 28-də Ağcabədi rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dövlət başçısının sərəncamına əsasən, Sənan Miriyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ruhu şad olsun.
NURƏDDİN