Respublika konfransı keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən “Nizami Gəncəvi irsi dünya elmi-nəzəri fikrində” mövzusunda respublika elmi-nəzəri konfrans keçiriləcək.
Universitetdən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfransın mayın 14-də keçirilməsi nəzərdə tutulub. Mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə tədbir onlayn təşkil olunacaq.
Konfransda iştirak etmək istəyənlər tezislərini aprelin 5-dək metodshura@gmail.com elektron poçtuna göndərə bilərlər. Konfransa sənətşünaslıq (muzeyşünaslıq), musiqi sənəti, kino, televiziya və digər ekran sənətləri, teatr sənəti, təsviri sənət, fəlsəfə, ilahiyyat və psixologiya bölmələri üzrə tezislər qəbul edilir.
Elmi-nəzəri konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən müəllim heyəti, doktorant, dissertant və gənc tədqiqatçılar iştirak edə bilərlər. Konfransın materialları kitab şəklində çap olunacaq.