Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun dəstəyi ilə “Nizami Xəmsəsi” layihəsi həyata keçirilib. Layihə fevralın 22-də “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Tədbirdə Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev layihənin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyindən danışıb. Bildirib ki, layihə çərçivəsində “Nizami” bədii filminin nümayişi, “Sirlər xəzinəsi” poemasının müzakirəsi, şairin həyat və yaradıcılığına dair “Xəmsə” milli intellektual oyunu, “Nizami poeziyası” adlı bədii qiraət müsabiqəsi, açıq dərs, “Xəmsə möcüzəsi” adlı rəsm müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev Nizami Gəncəvinin həyat və yaradıcılığından söz açıblar.

“Nizami poeziyası” bədii qiraət müsabiqəsinin qalibi olmuş gənclərin çıxışları dinlənilib.

Sonra  “Xəmsə” intellektual oyununun və bədii qiraət müsabiqəsinin qalibləri   mükafatlandırılıb.