“The London Post” qəzetinin saytında Milli Məclisin deputatı Cavanşir Feyziyevin və Böyük Britaniya Nümayəndələr Palatasının üzvü Bob Bləkmənin birgə müəllifi olduqları məqalə dərc olunub. “Xocalı soyqırımı və onun qurbanları” adlı məqalə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.

Məqalədə Xocalı soyqırımının tarixi və təfərrüatları barədə məlumat verilib. Qeyd olunub ki, 1980-ci illərin sonlarından Azərbaycana qarşı ərazi iddialarına və işğalçı müharibəyə başlayan Ermənistan hərbi təcavüz dövründə çoxsaylı müharibə cinayətləri törədib.

Müəlliflər həmçinin 2020-ci il 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsinin nəticələri haqqında da ingilisdilli oxuculara məlumat verib. Eyni zamanda qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ermənistanı  törətdiyi cinayətlərə görə məsuliyyətdən azad edə bilməz. Ermənistan Azərbaycan ərazisində törədilmiş bütün cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.