Ukrayna Azərbaycanlıları Radasının dəstəyi ilə Kiyev şəhərində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin təqdimatı keçirilib. Kiyevin “Jovten” kinozalında keçirilən təqdimatda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatları Lyudmila Marçenko, Vladimir Kreydenko, Dmitri Nataluxa, Marian Zabolotski, Alyona Şkrum, rəsmilər, Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynov tədbirə qatılanlara təşəkkürünü bildirib. Qeyd edib ki, “Sonsuz dəhliz” filmi Xocalı soyqırımında törədilən vəhşiliklərdən bəhs edir.
Filmin litvalı rejissoru Aleksandras Brokas çıxış edərək ekran əsəri barədə məlumat verib. Bildirib ki, “Sonsuz dəhliz” filminin bütün təqdimatlarında tamaşaçılar Xocalı faciəsində insanların çəkdiyi əzab-əziyyəti hiss ediblər. Başa düşüblər ki, insanlığa qarşı “qırmızı xətti” keçmək olmaz. Ancaq çox təəssüf ki, bəzən bu “qırmızı xətt” keçilib. “Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insani qərar verməsinin sübutudur. Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni gülləbaranından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri “Sonsuz dəhliz”də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar”, - deyə A.Brokas əlavə edib.
Daha sonra film Ukrayna dilində subtitrlərlə nümayiş etdirilib.
Tədbirin sonunda səfir Elmira Axundova, filmin rejissoru Aleksandras Brokas yerli KİV-lərə müsahibə veriblər.
Qeyd edək ki, “Sonsuz dəhliz” filminin premyerası 2014-cü il iyulun 1-də Londonda, Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. İngilis dilində çəkilmiş film rus dilinə dublyaj edilib, subtitrləri Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində filmin İstanbul, Ankara, Roma, Vilnüs, Paris, Dublin, Berlin və s. şəhərlərdə təqdimatı olub. Film bir sıra ölkələrin telekanallarında nümayiş olunub, festivallarda mükafata layiq görülüb.