Özbəkistanda Ziba Qəniyeva haqqında bədii film çəkiləcək

Özbəkistanda İkinci Dünya müharibəsində nişançı-snayper kimi ad çıxaran, atası azərbaycanlı, anası özbək olan Ziba Qəniyeva haqqında bədii film çəkiləcək. “Özbəkkino” Milli Agentliyində ərsəyə gələcək filmin çəkilişləri Daşkənd vilayətində və Belarusda aparılacaq.

Ziba Qəniyeva 1923-cü ildə Şamaxıda doğulub. Ailəsi 30-cu illərdə repressiyaya məruz qalıb, Özbəkistana sürgün olunub. Bu bacarıqlı qızın istedadını görüb onu Özbəkistan Dövlət Filarmoniyasının xoreoqrafiya bölməsinə işə qəbul ediblər.

Ziba Qəniyevanın aktyorluq bacarığının da olduğunu nəzərə alan filarmoniya rəhbərliyi onu A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna göndərməyi təklif edir. O, 1940-cı ildə instituta qəbul olunur. Ancaq faşist Almaniyasının SSRİ-yə hücumu və 1941-ci ilin payızında düşmənin Moskvaya yaxınlaşması planları dəyişir və 18 yaşlı Ziba Qəniyeva rəfiqələri ilə birgə könüllü olaraq 3-cü Moskva Kommunist diviziyasına yazılır, müharibədə snayper kimi ad qazanır.

Ziba Qəniyeva müharibədən sonra Azərbaycana qayıdıb, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, aspiranturada oxuyub. Bir müddət Bakı Ali Partiya Məktəbində müəllim işləyib. Sonra Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. Filoloq-alim kimi tanınıb, məqalələri aparıcı elmi jurnallarda çap edilib. 2010-cu ildə Moskvada vəfat edib.