F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Xəzər Universiteti nəzdindəki “Dünya” məktəbinin birgə əməkdaşlığı çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar uşaq yazarı Sevinc Nuruqızının “Qisas” kitabının onlayn müzakirəsi keçirilib.

Müzakirədə yazıçı Sevinc Nuruqızı, Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, Xəzər Universiteti “Dünya” məktəbinin direktoru Mərufə Mədətli, təhsil ocağının müəllimləri və 7-ci sinif şagirdləri iştirak ediblər.

Onlayn görüş soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova qeyd edib ki, Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir.

Sevinc Nuruqızı bildirib ki, “Qisas” povesti onun böyüklərə müraciətidir. Əsərdə Samirin anası və qardaşı ilə birgə düşmənə əsir düşməsindən, başlarına gətirilən müsibətdən bəhs edilir. Povestdə bu acı həqiqətlərin dünyaya çatdırılması və unudulmaması müqəddəs borc kimi vurğulanır. Sonra müəllif uşaqların əsərlə bağlı suallarını cavablandırıb.

Onlayn görüşdə Xəzər Universiteti “Dünya” məktəbinin 7-ci sinif şagirdləri tərəfindən hazırlanmış “Xocalı harayı 29 il” slaydları nümayiş olunub, şeirlər səslənib.