Fevralın 26-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı – qan yaddaşımız” adlı anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin əməkdaşı Fatimə Nəzərova Xocalı hadisələri ilə bağlı məruzə ilə çıxış edərək 1992-ci ilin 26 fevralında ermənilərin dinc əhaliyə qarşı törətdiyi cinayət və müsibətlərdən danışıb.

Tədbirdə Xocalı faciəsi ilə bağlı muzey işçiləri tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra 83 nömrəli məktəb-liseyin şagirdi Zəhra Məhərrəmli Xalq şairi Zəlimxan Yaqubun “Layla, Xocalım, layla” şeirini söyləyib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elşən Mübarizin ifasında Xocalı soyqırımına həsr olunmuş “Şəhid arzuları” və Tofiq Quliyevin “Azərbaycan”, Şuşa Musiqi Kollecinin konsertmeysteri Çinarə Səmədovanın ifasında Faiq Şücəddinovun “Vətən balladası” və Əli Vahidovun interpretasiyasında Bəhram Nəsibovun “Qarabağ” əsəri səsləndirilib.