Moskva Şəhər Mədəniyyət Şöbəsinin və Qara Qarayev adına Moskva şəhər Uşaq musiqi məktəbinin təsisçiliyi və təşkilati dəstəyi ilə internet üzərindən açıq müsabiqə keçirilib. Müsabiqənin münsiflər heyətinin tərkibində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, professor Marianna Vısotskaya və Mixail Dubov olublar.

Onlayn müsabiqəyə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbinin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri də qatılıblar.

Musiqi məktəbindən bildirilib ki, münsiflər heyətinin qərarına əsasən, yuxarı yaş qrupu üzrə fortepiano şöbəsinin VIII sinif şagirdi, beynəlxalq və respublika miqyaslı müsabiqələr laureatı Əbdüləli Hüseynli Qran-pri mükafatına layiq görülüb. Orta yaş qrupu üzrə VII sinif şagirdi, Prezident təqaüdçüsü Cəmil Sədizadə və VI sinif şagirdi Samirə Cəfərli isə I dərəcəli diplomla mükafatlandırılıb.

Xalq çalğı alətləri şöbəsinin yuxarı yaş qrupu üzrə XI sinif şagirdi, beynəlxalq və respublika müsabiqələri laureatı Çiçək Əliyeva I dərəcəli diploma layiq görülüb.