Damarımda qanı donduran Xocalı soyqırımı haqqında filmin ssenarisini yazanda dəhşət hissləri keçirdim. Dünyanın heç bir yerində müharibə zamanı bu cür qəddar vəhşilik görünməyib. Köməksiz qadın və uşaqların amansızcasına qətli, onların meyitlərinin eybəcər hala salınması ağlasığmaz cinayətdir. Ssenari üzərində işləyərkən göz yaşlarımı tuta bilmirdim.
Bu sözləri Misirin “SOİC” kinematoqrafiya şirkəti tərəfindən ərəb dilində lentə alınmış “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmin ssenari müəllifi, gənc yazıçı Nur Qureşi deyib. O, filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib: “Bu ekran əsərinin ssenarisini yazdığım zaman Xocalı qırğını haqqında faktları öyrəndim, məqalə və kitabları oxudum. 1992-ci ilin məşum fevral gecəsində baş verənlər tüklərimi ürpətdi desəm, yəqin ki, yumşaq ifadə işlətmiş olaram. Bu, təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ağır müharibə cinayətidir. Bu məsələdə insanların dini və ya milli mənsubiyyətinin heç bir önəmi yoxdur. İstənilən xalqa qarşı törədilən bu cür vəhşi cinayət bütün insanlıq tərəfindən lənətlənməlidir”.
Xocalı soyqırımı haqqında filmin ərəb ölkələrində, o cümlədən Misirdə nümayiş etdirildiyi, sosial şəbəkələrdə böyük marağa səbəb olduğunu vurğulayan Nur Qureşi əlavə edib ki, onun arzusu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, insanların doğma yurdlarına qayıtması haqqında yeni filmin ssenarisini qələmə almaqdır.