“Olduqca savadlı, ziyalı, xeyirxah və mətin bu qadın əyilməz və dönməz idi, əsərlərində marksizm-leninizm cərəyanı adlanan nəzəriyyə müəlliflərinin əsərlərindən sitatlar gətirməz, iqtibaslar verməzdi. Öz əqidəsi olan məğrur bir tədqiqatçı, şablon fikir və düşüncələrdən kənar bir alim, tərifçilikdən aralı duran bir mütəfəkkir”.

Bu fikirlər professor Şahin Fazilin görkəmli tarixçi alim, şərqşünas, pedaqoq, rəssam Sara Aşurbəyli haqqında yazdığı qeydlərdə vurğulanır.

Bu il  anadan olmasının 115 illiyi tamam olan Sara Aşurbəyli məşəqqətli həyatına rəğmən ayaqda dayanmağı, gülümsəməyi, hətta rəsmlərini belə rəngarəng çəkməyi bacarıb. Axı onun vacib missiyası vardı...

Aşurbəylilər nəslinin tanınmış nümayəndəsi, texnika elmləri doktoru İqor Aşurbəyli Sara xanım haqqında deyib: “Artıq 300 ilə yaxındır ki, Aşur xan Əfşarın nəsli öz talelərini qədim Abşeron torpağı ilə bağlamışdır. Aşur bəyləri, Aşurbəyovlar. Aşurbəylilər, Aşurlular Azərbaycanın tarix salnaməsinə çoxlu işıqlı səhifələr yazmışlar. Sara xanım Aşurbəyli – bu nəslin ən şöhrətli təmsilçilərindən biri – Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin ümummilli səviyyədə dərkində misilsiz töhfəsini vermişdir. Asan olmayan, bəlkə də faciəli bir tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq Şərqdə yaxşı tanınır. Bu yolda ona təkcə parlaq analitik təfəkkürü və kamil təhsili deyil, həm də yeddi dil – ərəb, fars, fransız, alman, ingilis, rus və Azərbaycan dillərini bilməsi kömək olmuşdur. Sara xanım Aşurbəylinin monoqrafiyaları “Bakının tarixi oçerki”, “Şirvanşahlar dövləti”, “Azərbaycanın Orta əsrlərdə Hindistanla iqtisadi və mədəni əlaqələri” və s. hələ müəllifin sağlığında Azərbaycan tarixinə dair klassik əsərlər sırasına daxil idi”.

 

Zəngin həyat və elm yolu

 

Müdriklərin belə bir fikri var: “Keçmişi bilmədən bu günlə yaşamaq yolsuz səhraya daxil olmaq və orada məqsədsiz dolaşmaq deməkdir”. Azərbaycan xalqının tarixi yaddaşını oyadan, öz keçmişinə sahib olmağa çağıran Sara Aşurbəyli həyatı boyu bu amala xidmət edib.

Sara Balabəy qızı Aşurbəyli 1906-cı ilin 27 yanvarında Bakıda anadan olub. 1925-ci ildə İstanbuldakı Janna D`Ark adına fransız kollecini bitirib. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsindən məzun olur. Lakin dövranın nizam-tərəzisi baş-ayaq olmuşdu. Siyasi-ideoloji sistem ictimai mühitdə normal, adi məsələləri qeyri-adiliklərə bələyirdi. Stalin repressiyasının qorxunc ayaq səsləri gəlməyə başlayırdı. Belə bir tarixi mərhələdə “arzuolunmaz sosial mənşəyə” malik olan Sara Aşurbəylinin şərqşünaslığa, tarix elminə doğru yönəlməsi böyük əngəllərlə qarşılaşdı.

Repressiya dalğası onun da ailəsindən yan keçmədi. Atası sovet rejimi tərəfindən təqib edildi, həyat yoldaşı həbs olundu. Ancaq bu idrak sahibi qadın daha mətin dayanırdı. Sara xanım Azərbaycanda qaçaqaç dövründə, repressiyaların, sürgünlərin tüğyan etdiyi zamanlarda fransızdilli kadrın qalmadığı bir vaxtda bu dilin köməyi ilə xilas olur. O, 1937–1958-ci illər ərzində Azərbaycanın müxtəlif ali məktəblərində fransız və ingilis dillərini tədris edib. Xarici dillərin tədrisi və rəssamlıq o zaman sovet rejimi üçün ən pis halda «neytral» fəaliyyət növü idi. Buna görə də Sara Aşurbəylinin bu sahələrdəki fəaliyyətinə böyük əngəllər törədilmirdi. Onun sürgün edilmiş nəslini yalnız bu bilgiyə görə görməzdən gəlirdilər.

Belə bir ziddiyyətli tarixi məqamda Sara xanım elmlə məşğul olmaq arzusunu qəlbində yaşadaraq elmi potensialını gerçəkləşdirməklə yaşamaq qərarına gəlir. 1941-ci ildə daha bir ali təhsil müəssisəsini – Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Xarici dillər fakültəsini bitirir.

Ümumiyyətlə, tədqiqatçılar Sara Aşurbəylinin fəaliyyətini iki mərhələyə bölürlər. Birinci dövrdə o, keçən əsrin 50-ci illərinin ortalarınadək, əsasən, pedaqoji fəaliyyətlə yanaşı, rəssamlıq və musiqi ilə məşğul olub. Azərbaycan Dövlət Dram Teatrında rəssam və dekorator işləyib, Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il Azərbaycan Dövlət Konservatoriyasında xarici dildən dərs deyib. O həm də çəkdiyi rəsm əsərlərini satmaqla güzəranını təmin edib. Sərgilərdən birində onun “Göygöl” əsəri Meksika nümayəndələri tərəfindən alınaraq bu ölkəyə aparılıb. Sara xanımın peşəkar rəssamlığı yüksək dəyərləndirilib və 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilib.

Fəaliyyətinin ikinci dövründə Sara Aşurbəyli gənclik arzusuna uyğun olaraq tarix elminə doğru dönüş edir. 1954–1958-ci illərdə Azərbaycan SSR EA-nın Tarix Muzeyində Orta əsrlər şöbəsinin müdiri işləyir. Onun tarix elminə qayıdışı Azərbaycan tarixşünaslığında yeni canlanma yaradır. Sara xanım 1958–1961-ci illərdə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda elmi katib və baş elmi işçi vəzifələrində çalışır. 1961-ci ildən Tarix İnstitutunda, ömrünün son illərində isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda səmərəli elmi fəaliyyət göstərir.

Sara Aşurbəylinin başlıca tədqiqat obyekti Azərbaycanın Orta əsr şəhərlərinin, xüsusilə Bakının ictimai-iqtisadi, siyasi, mədəni inkişaf tarixinin öyrənilməsi olub. O, Sankt-Peterburqda elmlər namizədi (fəlsəfə doktoru), Tbilisidə elmlər doktorluğu dissertasiyaları müdafiə edib. Tədqiqatçının kitab və monoqrafiyaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Çoxsaylı məqaləsi rus, ingilis və fransız dillərində də nəşr olunub.

 

Layiq olduğu qiyməti aldığı an...

 

1996-cı ilin 27 yanvar günü. Sara Aşurbəylinin 90 illiyi münasibətilə Azərbaycanın bütün elitası Opera və Balet Teatrına yubilyarı təbrik etmək üçün yığışıb. Prezident Heydər Əliyev yubilyara şəxsən təbriklərini çatdırır, ona “Şöhrət” ordenini təqdim edir. Bu yəqin ki, Sara xanımın uzun illər ərzində gözlədiyi bir an idi. Vətən tarixini böyük sevgi ilə, yorulmadan araşdıran görkəmli alim öz müstəqil dövlətinin yüksək təltifinə layiq görülürdü...

Alimin tədqiqat əsərləri tariximizin qədim çağlarının ən etibarlı mənbələri sırasındadır. Xalqımızın milli tarixi yaddaşına işıq salan Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Sara Aşurbəyli 2001-ci il iyulun 17-də, 96 yaşında dünyasını dəyişib.

Lalə AZƏRİ