Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Ermənistan işğalından azad edilmiş torpaqlara növbəti səfəri təşkil edilib. Martın 6-da nümayəndə heyəti Füzuli, Qubadlı və Laçın rayonlarında olub.

Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşan səfərdə diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

Heyət əvvəlcə Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin işğaldan sonrakı vəziyyəti ilə tanış olublar.

Diplomatik korpusun nümayəndələri Füzuliyə səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi ilə də tanış olublar. Onlara Azərbaycan Prezidenti tərəfindən bu yaxınlarda əsası qoyulmuş hava limanında görüləcək işlər barədə məlumat verilib.

Qubadlı rayonuna gələn heyətə erməni vandalizminin nəticələri barədə məlumat verilib. Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, rayon işğal dövründə yerlə yeksan  edilib, hətta rayon mərkəzinin harada yerləşdiyini müəyyən etmək belə çətindir. Yaşayış binaları dağıdılıb, yalnız işğal dövründə hərbi məqsədlər üçün Ermənistan tərəfindən istifadə olunan binalar qalıb. Rayon ərazisində çoxsaylı dini-mədəni abidələrin olduğunu deyən Hikmət Hacıyev diqqətə çatdırıb ki, bu abidələrin hamısı dağıdılıb.

***

Sonra heyət Laçın rayonuna səfər edib. Səfər iştirakçıları Laçında “Azərenerji” ASC-nin “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar. “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev məlumat verib ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” SES bu il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Bu, işğaldan azad olunan torpaqlarda istifadəyə verilən ilk infrastruktur layihəsidir. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.