Milli Azərbaycan Tarixi Muzeyinin yeni rəsmi internet səhifəsinin təqdimatı olub. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı vurğulayıb ki, saytın yeni dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün imkanlar yaradır. Bildirilib ki, saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib.

Saytın əsas səhifəsi “Ziyarətini planlaşdır” bölməsi ilə başlayır. Burada muzeyin iş saatları, ekspozisiyaya giriş bileti, xidmətlərin qiyməti və ziyarət qaydaları yer alır.

Muzeydə keçirilməsi planlaşdırılan sərgilər, tədbirlər və mühazirələr haqqında elanlar “Təqvim” bölməsində əksini tapacaq.

“Xəbərlər” bölməsində muzeyin fəaliyyətində baş verən yeniliklər, tarixçi alimlərin çap olunmuş elmi əsərləri, həmçinin muzey əməkdaşlarının iştirak etdikləri beynəlxalq tədbirlər, beynəlxalq konfranslar və digər maraqlı məlumatlarla tanış olmaq mümkündür.

Muzeydə fəaliyyət göstərən klublar, layihələr, onlayn mühazirələr “Bizimlə öyrən” bölməsində yer alır.