İslam Səfərli erkən yaşında ədəbi aləmə gəlib. Fitri istedadı, coşqun poeziyası ilə çox tez tanınıb. Qısa, parlaq yaradıcılıq ömrü yaşayıb. O, 1923-cü ilin fevralın 12-də Naxçıvanda dünyaya gəlib. İlk şeiri 17 yaşında mətbuatda dərc olunub. Ədəbi aləmdə ilk addımları Böyük Vətən müharibəsi (1941-1945) dövrünə təsadüf edib. Tay-tuşları kimi o da cəbhəyə gedib, döyüş yolu Şimali Qafqaz, Krım, Ukrayna, Baltikyanı respublikalarından keçib.
   Cəbhə həyatı onun yaradıcılıq həvəsini söndürmür. “Qızıl əsgər”, “Qırmızı bayraq” adlı cəbhə qəzetlərində oçerk, məqalə və şeirləri dərc olunur.
   Müharibədən sonra doğma yurda dönür, ədəbi aləmə qayıdır. Müharibə mövzusu onun yaradıcılığında yeni bir səhifə açır. Ədib “Öncüllər” şeirində yazır:
   
   Bir düşündük, bir danışdıq,
   Bir sıçradıq düşmən üstə.
   “Ana” dedik, “Vətən” dedik
   Dar ayaqda, son nəfəsdə.
   
   Tələbəlik illərində yazdığı şeirləri Xalq şairi Səməd Vurğunun da diqqətini çəkir. Görkəmli şair tələbələrlə görüşlərinin birində, çıxışının maraqlı bir məqamında nəyi isə xatırlayıb susur. Ətrafa göz gəzdirib deyir:
   - Hanı, o mənə oxşayan İslam!
   İslam cəld ayağa qalxır və deyir: - Buradayam , Səməd müəllim!
   - Bəri gəl görüm... İslam sıxıla-sıxıla kürsüyə yaxınlaşır.
   Səməd Vurğun soruşur:
   - Yadındadırmı, Yazıçılar İttifaqında ötən “Gənclər günü”ndə bir şeir oxudun! İndi həmin şeiri oxuya bilərsənmi?
   - Oxuya bilərəm.
   Sonra “Beşik başında” şeirini oxuyur...
   Məlumdur ki, insanların sağlamlığı keşiyində duran həkimlər haqqında həmişə maraqlı şeirlər yazılıb. Bəstəkarlar gözəl mahnılar bəstələyib. O, şeirlər sırasında İslam Səfərlinin “Həkim qız”ı daha çox ürəyəyatımlıdır...
   
   Gülərüzlü həkim qız,
   Ey gözləri bənövşə ,
   Qapımızdan keçəndə,
   Sarsılıram həmişə.
   
   İslam Səfərli poeziyasının özünəməxsus boyaları, məna çalarları və çeşidli rəngləri olub. Əsərlərində sadə sözlərlə poetik lövhələr yaradıb.
   
   Qırçın-qırçın göy ləpələr,
   Nə xəfifdir, nə incədir.
   Onu şeirə çəkmək olmaz,
   O ən zərif düşüncədir!
   
   O, ədəbiyyat tariximizdə həm də istedadlı bir dramaturq kimi anılır. Ədibin “Göz həkimi” uzun illər teatr səhnələrində tamaşaya qoyulub, televiziya tamaşası lentə alınıb.
   İslam Səfərli 18 kitab müəllifi olub. Onun sözlərinə yazılmış “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, ”Nə vaxta qaldı”, ”Ağ xalatlı həkim”, “Gəncliyimi gəzirəm” kimi mahnılar bu gün də dillər əzbəridir. O, ömrünün ən müdrik çağında, çağdaş ədəbiyyatımızda yeni-yeni cığır açmaq əzmində ikən, 1974-cü il noyabrın 6-da uzun sürən ağır xəstəlikdən dünyasını dəyişir.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar